Mərhələ yarışları başlayıb

Azərbaycanın bütün bölgələrini əhatə edən ağırlıqqaldırma üzrə ölkə yarışlarının 2-ci seçmə mərhələsi keçirilir. Allsport.az saytı xəbər verir ki, məqsəd bölgələrdə hazırlıq durumunun yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsi, ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançılar və məşqçılər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsidir.

Yarışlar Xırdalan, Lənkəran və Samux şəhərlərində olacaq. Xırdalanda aprelin 20-21-də Sumqayıt, Xırdalan, Qobustan, Şamaxı, İsmayıllı və Bakıdan (bütün idman cəmiyyətləri) olan azmanlar mübarizəyə başlayıblar. 24-25 apreldə Lənkəranda Cəlilabad, Neftçala, Lənkəran, Lerik və Astaranı, aprelin 27-28-də isə Samuxda Goranboy, Gəncə, Samux, Qazax, Yevlax, Şəki və Qaxı təmsil edən atletlər körpücük üzərinə çıxacaqlar.

Yarış şəxsi xarakter daşıyır və iştiraka yalnız texniki cəhətdən hazırlıqlı, yaşı ən azı 12 olan idmançılar buraxılacaqlar. Mərhələ yarışlarında 2007, 2006, 2005, 2004, 2003, 2002, 2001-ci il və daha böyük təvəllüdlü kişilər və qadınlar, müvafiq yaş qruplarında mübarizə aparacaqlar, qaliblər Sinkleyr cədvəli üzrə müəyyən ediləcəkdir.

Mərhələ yarışları ildə 4 dəfə keçirilir.

Həmin kateqoriyadan