“Komanda yoldaşım Avropa çempionatında, mənsə bu çəkidə İslamiadada qızıl medal qazandım”

Bakı-2017-də sərbəst güləş yarışında Mahir Əmiraslanov (57 kq) qələbəni bayram etdi. Allsport.az saytı xəbər verir ki, gənc bahadır çempionluğunu barədə KİV-ə açıqlamasında bunu dedi: «İlk görüşdə afrikalı rəqibimə asanlıqla qalib gəldim. Ümumi komanda hesabı da vacib olduğundan, növbəti, türkiyəli idmançını da mütləq udmalı idim. Hazırlığım yüksək keçdiyindən, bu mübarizədə də bəhrəsini verdi.

İslam oyunlarında əsas hədəf qızıl medal idi. Allaha çox şükür, çətin olsa da, sonda buna nail oldum. Düzdür, finalda tamaşaçılara gərgin anlar yaşatdım. Üstün olan bir anda, vəziyyət rəqibin xeyrinə dəyişdi. Az qala uduzacaqdım. Amma vaxtında toparlanıb qalib gəlməyi bacardım. Şəxsi məşqçim Əsgərxan Novruzovun üzərimdə böyük əməyi var, ona çox minnətdaram».

Dünya kubokunun mükafatçısı qarşıdakı planları barədə də danışdı. Bildirdi ki, çəkisində gərgin rəqabət var: «Məşqçilər heyətinin qərarına əsasən, komanda yoldaşım Giorgi Edişeraşvili Avropa çempionatına yollandı, mən qalıb İslam oyunlarına hazırlaşdım. Sevinirəm ki, hər ikimiz etimadı doğrultduq, baş mükafata sahib çıxdıq. Avqusta Parisdə dünya çempionatı keçiriləcək. Hamımız bu yarışa hazırlaşacağıq. Məşqçilər kimi layiq bilsə, o da Fransa paytaxtına yollanacaq.

Həmin kateqoriyadan