LAYİHƏ
Mahir Rüstəmli: ““Futbol+”in 20 illiyi, həm də müstəqil idman mətbuatının bayramıdır”

90-cı illərin sonu. Tələbəlik illərim idi. İlk ali təhsili aldığım Azərbaycan Beynəlxalq Universitetində bir gün sinifdə tənəffüs vaxtı qrup yoldaşımın qəzet oxuduğunu gördüm. Oxuyub bitirdikdən sonra maraqlanmağa başladım. Şəkillərdən idman qəzeti olduğunu bildim. Adına baxdım, üstündə «Futbol+» yazılmışdı. Şüarı da xoşuma gəldi: «Vətən idmanı və idmançıları ilə ucalsın». Sona içini vərəqlədim, xəbərlərlə tanış tanış oldum, xoşuma gəldi. Kiçik yaşlarımda «İdman»ı oxuyurdum. Amma müstəqilliyimizin ilk dönəmində bu adlı-sanlı nəşr öz keçmiş qudrətini itirmişdi. Artıq idmansevərlər yeni tribunalar axtarışındaydı . Belədə, mən zamanla bu qəzetin oxucusuna çevrildim. Qəbul edirəm, idman mətbuatına gəlişimdə «Futbol+» rol oynayıb. İxtisasım üzrə – huqüqda işin alınmasının zor olduğunu anladıqda, özümü idman mətbuatında sınamaq qərarına gəldim. Bu nəşri oxuduqca, yazı uslubunu mənimsəmişdim. Dedim, məndə də alınar, çətin bir şey yoxdur. Əsas savad, bacarıq, idman bilgisi və həvəsdir… Bu günlərdə həmin qəzet 20 illiyini qeyd etdi. Yubiley tədbirinə mən də dəvətliydim. Xatırladım ki, 2007-ci ildə söz etdiyim nəşrdə çalışmış, olimpiya idman növlərini işıqlandırmışam. Təbii, bir idman yazarı olaraq «Futbol+»dən danışmağı özümə borc bildim. İlk gündən qəzetə kapitanlıq edən Mahir Rüstəmli ilə söhbətim qarşı məkanda baş tutdu. Həmkarımla iş otağında bir az fikir mübadiləsi aparlıqdan sonra müsahibəyə başladım. İlk sualım bu nəşrin necə yaranması oldu:

– O zaman «Hürriyyət» qəzetində çalışırdım. Tələbəydim, idmandan yazırdım. Bir gün qəzetin baş redktoru Qurban Məmmədov toplantı etdi və bildirdi ki, nəşrin sahələrini genişləndirmək lazımdır. Təklif olundu ki, ayrıca bir idman qəzeti yaransın. İşə 3 nəfərlə başladıq. Vüsal Mahmudov uşaqlıq dostumdur, birgə futbol oynamışıq, idman bilgisinə bələd idim. Digəri Rövşən Sultanov idi. Onu «Rezonans»dan tanıyırdım, xarici futboldan yaxşı başı çıxırdı. Ad üzərində çox fikirləşmədik, «Futbol+» qoyduq. Üstəgəlin anlamı qəzetin tək futbol xəbərləri deyil, digər idman növlərinə də yer veriləcəyi idi. İlk dönəmdə 8 səhifə ilə çıxdıq. Sonra heyət genişləndi və həftədə bir dəfə 16 səhifə ilə nəşr olunmağa başladıq. Çətinliklər vardı, amma biz buna sinə gəldik, daim qəzetin mənafeyini düşündük.

– Mahir bəy, 20 il öncə işə başlarkən, qəzetin bu qədər uzun ömürlü olacağını gözləyirdinizmi?
– Təbii, o vaxt hansı yükün altına girdiyimi bilirdim: hansı qəzetlər çıxır, hansı fəaliyyətini dayındırıb və sairə. Bunları görürdüm, lakin o işin altına girəndə özlüyümdə fikirləşdim ki, «Futbol+» qəzetini normal buraxsam, bir reaksiya doğuracaq. Kollektivi yığıb strategiya müəyyənləşdirəndə, haralarasa qədər gedəcəyini düşünürdüm. Amma 20 il… Bu, çox uzun müddətdir və razılaşarsınız ki, Azərbaycan qəzet bazarında bəlkə, 3-4 belə qəzet var ki, 20 və daha artıq müddətdə dayanmadan fəaliyyət göstərir. Qəzeti yaratdıq, yaşatdıq. Hamı fədakarcasına çalışdı: qəzetin sahibi, mən və digər heyət üzvləri. Nəticədə, «Futbol+» ayaq üstə qaldı və bu günə şərəflə gəlib çıxdı. O gün qeyd etdim, indi də yenə təkrarlayıram, «Futbol+» qəzetinin 20 illiyi, həm də müstəqil idman mətbuatının bayramıdır. İnanmıram ki, nə Gürcüstanda, nə Ermənistanda, nə də postsovet ölkələrinin əksək ölkələrində20 ildə yaşayan idman qəzeti olsun.

– Sözsüz, işə başlayanda, rəqiblər olur, meydana gəlir. «Super sport» qəzeti vardı, sonradan «Futbol+qol»da yarandı. Bildiyim qədər, rəqabətlə ayaqlaşmaq asan olmamışdı.
– Biz addım-addım irəlilədik. Fikrimizdən inqilab keçmirdi. Sadəcə, təkamul yolu ilə, rəqiblərə hörmətlə, amma onlardan bir addım öndə dayanmağı hədəfləmişdik. Zənnimcə, burda jurnaist fəndləri də rol oynadı. Məsələn, biz 1-ci gün çıxmırdıq. Ancaq görəndə ki, rəqib həmin günü çap olunur, ictimai tələbata uyğun davrandıq, qabaqlayıcı tədbirlər gördük. Həmin qəzetlərin çoxu bu gun aramızda yoxdur, amma onlara sayğı ilə yanaşıram.  Çox sağ olsunlar ki, bizlə gərgin rəqabət qurub inkişafımıza səbəb oldular. Görunur, bizdə nəsə vardı və onlarda yox idi ki, bu günə qədər məhz «Futbol+» fəaliyyətini davam etdirə bilib (gülümsəyir).

– Yaxşı xatırlayıram, o dövrdə «Futbol+qol»da çalışırdım. Qəzet bərpa olunduqdan sonra, həftədə 2 dəfə çıxmaqla ciddi rəqabət yaratdı. Həmin vaxtı yerli şöbəyə Vüsal Elay rəhbərlik edirdi. Bizə daxil olan bilgiyə görə, fəallıq əks cəbhədə narahatlıq doğurmuş və siz daxili toplantılarda tez-tez bunu önə çəkərək çıxış yollarını aramısınız.
– Vüsal Elay bizdə fotoqraf kimi çalışırdı. Mənim yanaşmam fərqlidir. Təsəvvür edin, bizdə bu əməkdaş sizdə redaktor işləyirdi. Bizdə korrektor çıxanlar ya baş redaktor, ya da telekanalda çalışıblar. Özüm şəxsiyyət yetişdirməyi xoşlayıram. Lal-dinməz, mübariz olmayan, fikir mübadiləsi aparmayan jurnalistlə yoxam. İstərəm ki, daim həm daxildə, həm də kənarda güclü rəqabət olsun. Zənnimcə, bizlə başabaş gələn qəzet «Het trik» olub. Tural Əsgərov, bizim keçmiş müxbir Natiq Muxtarlı və digər «Futbol+»çilər ciddi rəqabət yaratmışdılar. Təəssüf ki, sonadək dözmədilər. Müəyyən problemləri oldu, bilirəm, sadəcə, özüm demək istəmirəm. Heç bir qəzetə yuxarıdan-aşağı baxmamışıq. Bircə «İdman» hamı qarşısında öyünə bilər. MaşAllah, bu nəşrin böyük tarixi var. Sovet dövründə orda adlı-sanlı idmançılar çalışıblar. Özüm də «İdman»ın oxucusu olmuşam. Bəzi yazıları kəsib indiyədək saxlamışam.

– Yəqin, qəzet kapitanı kimi sizin də könlünüzdən Mirpaşa Miriyevin rekordunu qırmaq keçir.
– 37 il böyük rəqəmdir (gülümsəyir). Xeyr, inanmıram ki, mən o müddətə qədər çalışıb qalam. Açığı, hiss edirəm ki, idman jurnalistikası gənc yaşlarda lazımdır. Yəni, gənclərə daha çox lazımdır. Mən bu gün tək baş redaktor deyiləm. Həm marketinq işləri, həm də tədbirlərin təşkili ilə məşğulam. Üstəlik, AFFA yanında media komitəsində sədrlik edirəm. Ora da vaxtı və energini aparır. Amma harda olmağımdan asılı olmayaraq, çalışacağam ki, «Futbol+» yaşasın. «Futbol+» artıq klassik qəzet nümunəsidir.

– Bayaq jurnalist yetişdirməyi xoşladığınızı qeyd etdiniz. Belədə, bu məktəbdən kimlərin gedişinə daha çox təəssüflənmisiniz?
– Hamının gedişinə. O gün yubiley tədbirində söylədim: bir jurnalistin üzərində zəhmətim olubsa, onu sırf özüm sıfırdan yetişdirmişəmsə və bir gün həmin əməkdaş qəzetin sıralarını tərk edirsə, buna dəhşətli dərəcədə  üzülmüşəm. Amma nə etmək olar? Əvvəllər buna daha çox bürüzə verirdim: getmə, getmə. Lakin indi sakit yanaşıram. Hesab edirəm ki, qəzeti tərk edirləsə, başqa yol yoxdur. Bura bir akademiyadır, məktəbdir və həmin proses də təbiidir. Sözsüz, gedişlər həmişə ağrılıdır. Həmin jurnalistlər həm də tanınmış adlar, şəxsiyyətlər idi.

– Mahir müəllim, bu ayrılmalar dəvətdən irəli gəlib. Amma elə dönəm oldu ki, «Futbol+»də qopmalar baş verdi: Rəşad Ergün «Komanda»nı yaratdı, Vüsal Mahmudov özünü digər KİV-də sınadı.
– Bu, daxildə gərginlik sayılmır. Adi, yaradıcı proses idi. Çox istədim ki, onlar bir-birləri ilə ortaq dil tapsınlar. Amma nəticə etibarı ilə, məndən fərqli, heç biri digərinə güzəştə getmədi. Gözlədiyimiz durumda Vüsal hərbi xidmətə yollandı. Bir qrup aparıcı müxbirimiz yeni yaradılmış apasport.az saytına getdi. Həmin dövrdə faktiki olaraq, işçi yox səviyyəsinə düşdü. Belədə, Rəşad Ergün sağ olsun, məsuliyyəti öz üzərinə götürdü, yeni kollektv formalaşdırdı. Həmin vəziyyəti bilmirəm necə ifadə edim, fikrimcə, onlar bir-birlərinə güzəştə getsəydilər, indi daha güclü «Futbol+» olardı. Bəlkə mənim də müəyyən günahım oldu, amma əsas günah məndə deyildi.

– Artıq 20 ili başa vurdunuz. Növbəti dövr üçün hədəf nə olacaq?
– Realda beynimdə olan, qəzetin tərkibində ayrı-ayrı qollardır- televiziya və agentlik yaradılmalı, sayt güclənməlidir. Açıq etiraf edirm ki, bu gün üçün buna maliyyə lazımdır. Özü də çox. Bugünkü şərtlər daxilində onu təmin etmək çox çətindir. Özünüz bilirsiniz, indi reklam bazarı zəifdir. Xusisi bir şey də yoxdur ki, nəsə cəlb edək. Amma bütün hallarda çalışırıq ki, «Futbol+» və irəli getsin.

Söhbətləşdi: Kamran HACI

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”

Həmin kateqoriyadan