Maksum Xasanov: “Çalışırıq ki, yaxşı hazırlaşıb bizə olan etimadı doğruldaq”

Ukraynanın Xmelnitski vilayətinin paytaxtı Kamenets-Podolskda böyük məşqçi Maksum Xasanovun rəhbərliyi ilə təlim-məşq toplanışını davam etdirən ağırlıqqaldırma yığmamız gündə 2 dəfə çalışır, qarşıdakı daxili və beynəlxalq yarışlara əvvəlcədən müəyyən edilmiş plan üzrə hazırlaşırlar.

Allsport.az saytı xəbər verir ki, yanvarın 23-də Qara dəniz sahili ölkəyə yollanan millimizin ilk olaraq 3 həftəlik hazırlıq keçməsi nəzərdə tutulmuşdu. Sonradan məşqçilər heyəti bu müddətin daha iki həftə artırılmasını məqsədəuyğun gördülər. Bu səbəbdən, komandamız fevralın 26-na qədər Ukraynadakı təlim-məşq toplanışını davam etdirəcək. Hazırlıqların gedişi ilə bağlı məlumat üçün aaaf.az böyük məşqçisi Maksum Xasanovla danışıb. O, azmanlarımızın durumundan razı qaldığını dilə gətirib:

“Buradakı hazırlığımızın effektiv olduğunu gördüm. Məşqlər atletlərimizə müsbət təsir edirdi. Qərara aldıq ki, daha iki həftə burada qalaq. Hazırda məşqlərimizi intensiv şəkildə davam etdiririk. Komandada ab-hava yaxşıdır, çalışmalarımız yaxşı gedir. Qarşıda bizi Azərbaycan çempionatı, həmçinin Tailandda yeniyetmələr arasında dünya birinciliyi, Xorvatiyada Avropa çempionatı gözləyir. Mayda isə Bakıda keçiriləcək 4-cü İslam oyunlarında iştirak edəcəyik. Bütün bu yarışlara maksimum səylə hazırlaşırıq. Qidalanma, istirahət, məşq şəraitimiz yüksək səviyyədədir. Çalışırıq ki, yaxşı hazırlaşıb bizə olan etimadı doğruldaq”.

Həmin kateqoriyadan