Mariya Stadnik: 6 Avropa çempionluğunun əvəzinə, bir “olimpiya qızılı” daha yaxşı olardı

Serbiyanın Novı Sad şəhərində güləşçilərin Avropa çempionatı başladı. İlk yarış günü qadın millimiz də uğurlu çıxışı ilə yadda qaldı. Komandanın öndəri Mariya Stadnik (48 kq) bu yarışlarda 6-cı qızıl medalını qazandı. Şən hərəkətləri, gülərüz siması ilə daim qarşısındakı insana xoş ovqat bəxş edən Maşa, adəti üzrə, qələbədən sonra tərəddüt etmədən sualları cavablandırdı. Üzdən məmnun görünsə də, hiss olunurdu ki, Rio olimpiadasında sona 3 saniyə qalmış qaçırdığı çempionluğu hələm-hələm həzm etməyəcək.

– Çox xoşbəxtəm. Avropanın ən güclülərinin mübarizəsində növbəti baş mükafata yiyələndim. Allahdan hədsiz razıyam, mənə can sağlığı verib, Ailəmdən və güləş camiyəsindən çox məmnunam ki, hər zaman dəstək verirlər. Məşçilərimə də minnətdar olmaq istəyirəm: uzun müddət ayaqda qalmağımı öyrədiblər.

Adətən, olimpiya oyunlarından sonra idmançılar bir müddət istirahətə çəkilirlər. Bu üzdən, yeni mövsümdə o qədər formada olmurlar. Amma sənMaşallah.
– Bildiyimiz kimi, Azərbaycan İslam oyunları ərəfəsindədir. Təbii, öz növbəmdə, boş oturmmalıydım, qızlara, komandaya, ölkəmə arxa olmalıydım. Rio olimpiadasından sonra az istirahət etdim, bütün diqqətimi bu böyük yarışlara yönəltdim.

Mariya, artıq Avropa çempionatlarında 6 qızıl medalın var. (Burada müsahibim sözümü kəsib «7» deyir, yəqin, nəyisə qarışdırır. Onu anlayıram: o qədər uğur qazanıb ki, sayını belə itirib K.H.) Səncə, bu azdır, ya çox?
– Bunların əvəzinə bir olimpiya qızıl medalı daha yaxşı olardı (gülür). Prinsip etibarı ilə, artıq Avropa çempionatlarını zona yarışı sayıram. Demək olar, hamını uzun illərdir tanıyıram. Daha həmin gərginliyi, həyacanı hiss etmirəm. Amma ilk dəfə bura gələndə, buna xəyal kimi baxırdım. İndi hər şey arxada qalıb, özüm-özümlə güləşirəm.

İslam oyunlarında baş mükafata iddian bəllidir. Amma sonrakı hədəfin maraqlıdır. Səncə, Tokio-2020- qədər dünya çempionluqlarını da sıralamağın zamanı deyil?
– Hələ bilmirəm. Ola bilsin, İslam oyunlarından sonra fasilə götürdüm.

Sirr deyilsə, həmin dövrdə hansı planlarını həyata keçirəcəksək?
– Bu mövsüm oğlum birinci sinfə gedir. Artıq əməli-başlı onunla məşğul olmağın zamanı yetişib. Elə ad, medal-medal. Mənə deyir ki, bu medalları istəmirəm, yetər, qayıt gəl evə (gülür). Mayın 22-də qızımın 4 yaşı tamam olur. Görüm, ona nə hədiyyə düşünürəm. Ümumilikdə, təbii, qoy ana hələ güləşsin, yeni medallar qazansın.

Kamran HACI, Novı Sad (Serbiya)

Həmin kateqoriyadan