Mariya Stadnikin Skandinaviya səfəri uğuru alınıb

İsveçin Klippan şəhərində qadın güləşçiləri arasında açıq beynəlxalq turnir keçirilib. Allsport.az xəbər verir ki, millimiz Skandinaviyada tam heyətlə iştirak edib. Semyon Çeteryovun rəhbərlik etdiyi komanda yarışı 1 qızıl medalla başa vurub.

48 kq-da mübarizə aparan Mariya Stadnik Norveç, İsveç, Yaponiya və Polşadan olan rəqiblərini üstələyərək finala yüksəlib. Finalda onun rəqibi Yaponiyadan olan Kika Kaqata olub. Mariya Stadnik vaxtından əvvəl tam üstünlüklə qələbə qazanaraq turnirin qızıl medalına yiyələnib.

İrina Netreba (58 kq) Braziliyadan olan rəqibini üstələsə də Çin təmsilçisinə uduzub. Ancaq rəqibin finala yüksəlməsi güləşçimizə bürünc medal qazanmaq şansı verib. Təsəlliverici görüşdə ABŞ idmançısını məğlub edən güləşçimiz həlledici görüşə çıxsa da, Bolqarıstanlı Taybe Yuseinə uduzub və turniri 5-ci sırada tamamlayıb.

60 kq çəki dərəcəsində təmsilçimiz Yuliya Ratkeviç İsveç və Rusiyadan olan rəqiblərini üstələsə də, yarımfinalda Finlandiyalı rəqibinə uduzub. Güləşçimiz bürünc medal uğrunda Belarus idmançısı Anastasiya Huçokla həlledici görüşdə uduzub və 5-ci yerdə qərarlaşıb.

69 kq-da mübarizə aparan Nadya Muşka (Sementsova) da yarımfinala qədər irəliləyib. Braziliya və Polşadan olan rəqiblərini üstələyən təmsilçimiz yarımfinalda Argentinalı rəqibinə məğlub olub. Nadya Muşka (Sementsova) bürünc medal uğrunda Ukrayna təmsilçisi Alla Çerkasovaya da uduzub və turniri 5-ci yerdə başa vurub.

Raqnetta Qurbanzadə (63 kq) isə, təsəlliverici görüşdə mübarizəni davam etdirmək şansı əldə edib, ancaq bu imkanı dəyərləndirə bilməyib. Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Rövşən Azadov təmsil edib.

Həmin kateqoriyadan