“Meydanı tərk etsəydik, bizim üçün problem yarana bilərdi”

Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qitə liqasının “A” qrupunda Lüksemburqda “Düdelanj” klubuna qarşı oyunu şərh edib. Allsport.az saytı xəbər verir ki, o, 4:1 qalib gəldikləri görüşdən sonra mətbuat konfransında bunu deyib:

“Biz həmişə çalışmışıq ki, öz mədəniyyətimizi göstərək. Futbolçular da bilir ki, hansı komandanı təmsil edirlər. Bu, sadəcə qorxaqlıqdır. Fəxr edirəm ki, azərbaycanlıyam, fəxr edirəm ki, “Qarabağ”ı çalışdırıram. Biz belə təxribatlara uymalı deyilik. Biz maksimum çalışdıq ki, öz peşəkarlığımızı göstərək. Uşaqlar paltardəyişmə otağında pis olmuşdular. Onları oyuna kökləmək çətin oldu. Futbolçulara təşəkkür edirəm ki, məni eşitdilər. Meydanda özlərini peşəkar apardılar. Gələcəkdə belə hadisələr yenə olacaq. Bunun özü ucuzluqdur. Biz burdan gözəl qələbə ilə dönürük.

Meydanı tərk etsəydik, bizim üçün problem yarana bilərdi. Biz peşəkarıq. Biz qorxaq deyilik, meydandan qaçmağı da bacarmarıq. Belə hallar ola bilər. Məğlub olsaydıq da belə, meydana qayıdıb sona qədər mübarizə aparacaqdıq. Döyülə, məğlub ola, yıxıla bilərik. Amma qaçmaq bizlik deyil”.

Qurban Qurbanov klub rəhbərliyinin bu məsələ ilə bağlı UEFA-ya müraciət edəcəyini bildirib: “UEFA sərt qərar qəbul etsə, bu, hamı üçün bir siqnal olacaq”.

Təcrübəli mütəxəssis ikinci hissədə əvəzlədiyi Qara Qarayevin diz nahiyəsində ağrıları olduğunu və buna görə onu meydanda saxlamağa risk etmədiyini söyləyib. O, qarşıdakı bütün oyunlara ciddi yanaşmalarının vacibliyini vurğulayıb: “İndidən hər hansı fikir söyləyə bilmərik. Çox vacib 3 xal qazandıq. Qrupun favoriti “Sevilya”dır. Qalan 3 komanda isə 1/16 finala növbəti vəsiqə uğrunda öz aralarında mübarizə aparacaq”.

Həmin kateqoriyadan