«Milli dəstə» azad azarkeş qrupunun həmtəsisçisi Belfastda “ay-ulduzlular”ımıza nəyi vəd verib?

Noyabrın 11-də dünya çempionatının seçmə mərhələsində Belfastda Şimali İrlandiya ilə qarşılaşacaq Azərbaycan millisi azarkeş baxımından dəstəksiz qalmayacaq. Allsport.az saytı xəbər verir ki, Niderlandda təhsil alan həmyerlimiz, «Milli dəstə» azad azarkeş qrupunun həmtəsisçisi Şamil Mustafayev San-Marino və Çex Respublikasında olduğu kimi, bu dəfə də “ay-ulduzlular”ımızı qələbəyə səsləyəcək. Mediz Komitəsi həmyerlimizlə görüşüb, matça necə hazırlaşmaları ilə bağlı söhbət etdik. Onun sözünə görə, «Milli dəstə»nin daha bir üzvü, İsveçdə yaşayan Zaur Məmmədov Belfasta sabah gələcək:

«Zaurdan başqa İngiltərədən 53 azərbaycanlı oyun günü bizə qoşulacaq. Oyuna kimi hər biri ilə iş aparılıb. Artıq, millimizə aid bəstələri öyrəniblər və oyun günü tribunada komandamızı dəstəkləməklə yanaşı, xoreoqrafiyanın açılışında da yaxından iştirak edəcəklər».

Söhbət zamanı məlum oldu ki, «Milli Dəstə»nin bu dəfəki fəaliyyəti əvvəlki oyunlardakından qat-qat səviyyəli olacaq. Belə ki, komandalar meydana çıxan zaman azarkeşlər 3 banner və lentlərdən ibarət xoreoqrafiya açacaqlar: «Hollandiyadan özümlə ümumi ölçüsü 40 kv.m olan 3 banner gətirmişəm. Bannerlərin üzərində yazılanlar barədə heç nə deməyəcəm.

Çünki sürpriz etmək istəyirik. Ümumiyyətlə, bizə ayrılan sektorda boş yer olmayacaq, oturacaqların üzərini bannerlərdən savayı müxtəlif atributlarla örtəcəyik. Fikrimcə, möhtəşəm görünüş olacaq. Məqsədimiz həmişə olduğu kimi futbolçularımıza mənəvi dəstək olmaqdır. Düşünürəm ki, onların Azərbaycana xalla dönməsinə azacıq da olsa, kömək edə biləcəyik».

Həmin kateqoriyadan