Milli idman növlərinin inkişafı məsələləri MDB-nin qərargahında müzakirə ediləcək

MDB İcraiyyə Komitəsinin Minskdəki qərargahının mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, fevralın 18-19-da MDB İcraiyyə Komitəsində Birlik iştirakçısı olan dövlətlərin milli idman növlərinin inkişafı üzrə işçi qrupun iclası keçiriləcək. Allsport.az xəbər verir ki, iclasda MDB iştirakçısı olan dövlətlərin milli idman növləri Festivalı haqqında Əsasnamə layihəsinin işlənib hazırlanması məsələləri müzakirə ediləcək.

Keçən il MDB Hökumət Başçıları Şurası 2020-ci ilə qədər olan dövr üçün MDB iştirakçısı olan dövlətlərin milli idman növlərinin dəstəklənməsi və inkişafı Proqramını, habelə qarşıdakı 3 ildə həmin Proqramın həyata keçirilməsi üzrə Tədbirlər Planını təsdiq edib.

Bədən Tərbiyəsi və İdman Şurasının qərarına əsasən MDB iştirakçısı olan dövlətlərin Milli İdman Növləri Festival təsis edilib, müvafiq işçi qrup yaradılıb. Həmin işçi qrup növbəti iclasda Festival haqqında Əsasnamə layihəsinin işlənib hazırlanmasına və razılaşdırılmasına başlayacaq.

Festivalın məqsədi Birlik üzvü olan dövlətlərin xalqları arasında yaranmış ənənəvi dostluq əlaqələrini daha da möhkəmlətmək, milli idman və oyun növlərini tarixi irs kimi qoruyub saxlamaq, onların beynəlxalq səviyyədə təbliğini və inkişafını təmin etməkdir. Festival mövcud milli idman növlərinin inkişafına, unudulmuş milli idman növlərinin bərpasına şərait yaratmalı, onların beynəlxalq yarışlar praktikasına daxil olunmasına kömək etməlidir.

Gözlənildiyinə görə, festivalın keçirilməsi milli idman növləri məşğələlərinə geniş əhali kütlələrinin cəlb edilməsi hesabına sağlam həyat tərzinin formalaşmasına şərait yaradacaqdır.