Milli Karate Federasiyası ili dəyərləndirdi

2015-ci il Azərbaycan karatesi üçün ən uğurlu və tarixi illərdən biri oldu. Allsport.az xəbər verir ki, 25 rəsmi və qeyri rəsmi beynəlxalq yarışlarda iştirak edən müxtəlif yaş qrupları üzrə milli komandalarımız 47 qızıl, 53 gümüş və 56 bürünc olmaqla 156 medala sahib oldular.

Bu münasibətlə Azərbaycan Milli Karate Federasiyasının rəhbərliyi, o cümlədən 1-ci vitse prezident Rəhman Hətəmov, vitse-przident Yusif Məmmədov, idarə heyətinin üzvü Oqtay Məmmədov, eləcə də Avropa Oyunlarının qalib və mükafatçılarının iştirakı ilə mətbuat konfransı keçirilib.

Yola saldığımız ildə əldə edilən zəfərləri diqqətə çatdıran Hətəmov rəhbərlik adından federasiyanın işinə verilən qiymətə görə dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevə təşəkkürlərini ifadə edib. Milli komandanın üzvləri Avropa Oyunlarının nəticələrinə əsasən onları medallarla, fəxri diplom və mənzillə təmin edilmələrinə görə prezident İlham Əliyevə, Gənclər və İdman naziri Azad Rəhimova, baş sponsor Azərbaycan Beynəlxalq Bankı idarə heyətinin sədri Elmar Məmmədova minnətdarlığını ifadə ediblər. Sonda federasiya kollektivi qarşıdan gələn dünya azərbaycanlılarının həmrəylik günü və yeni il münasibətilə Azərbaycan xalqını və ölkə idman ictimaiyyətini təbrik edib.

2015-ci ilin nəticələrinə gəlincə, böyüklər Avropa çempionatının fərdi yarışlarında 2 qızıl və 1 gümüş medal, komanda çıxışlarında isə bürünc mükafat qazanıblar. Niyazi Əliyevlə (-67 kq) Rafael Ağayev (-75 kq) Avropa çempionu, Ayxan Mamayev isə (-84 kq) qitə ikincisi olub. Bakı 2015 1-ci Avropa Oyunlarında 4 qızıl və 2 bürünc medala sahb olan karateçilərimiz qitənin ən yüksək nəticə göstərən idmançıları olublar. Firdovsi Fərzəliyev (-60 kq), Rafael Ağayev (-75 kq), Ayxan Mamayev (-84 kq) və İrina Zaretska Avropa Oyunlarının qalibi, Niyazi Əliyevlə (-67 kq) İlahə Qasımova (55 kq) isə ilk yarışın bürünc mükafatçıları olublar.

5 Premyer Liqa turnirində çıxış edən karateçilərimiz 1 qızıl, 4 gümüş və 2 bürünc olmaqla vətənə 9 medal qazandırıblar. İrina Zarteska (-68 kq, qızıl medal), Şahin Atamov (-84 kq, 2 gümüş, 2 bürünc medal), Asiman Qurbanlı (+84 kq, gümüş medal), Şəhrun Yusifova (-50 kq, gümüş medal), Firdovsi Fərzəliyev (-60 kq, bürünc medal), Tural Ağalarzadə (-67 kq, bürünc medal) və Rafael Ağayev (-75 kq, bürünc medal) Dünya Karate Federasiyasının bu nüfuzlu turnirlərindən mükafatlarla dönüblər.

Yeniyetmə və gənclərdən ibarət seçmə komandalar da 2015-ci ili uğurla başa vurublar. Aşağı yaş qurupları Avropa çempionatında bürünc medal, dünya çempionatında isə 3 gümüş və 1 bürünc olmaqla daha 4 medal əldə ediblər. Hümmət Baxşəliyev (-52 kq) yeniyetmələrin Avropa çempionatı və dünya çempionatında bürünc medallara sahib olub. Dünya çempionatında 16-18 yaşlı gənclərdən Fidan Teymurova (-47 kq), Elcan Məmmədrzayev (-61 kq) və İrina Zaretska (-68 kq, 18-20 yaşlı gənclər) ikinci yeri tutub.

Daha 16 beynəlxalq turnirə qatılan müxtəlif yaş quruplarında karateçilərimiz 133 medala layiq olublar. Ölkədaxili “Baku Open” əənvi beynəlxalq turniri, yeniyetmə, gəncləər və böyüklərin Respublika çempionatı, eləcə də müxtəlif şəhər və klub birincilikləri keçirilib. Beynəlxalq dərəcəli hakimlərimiz Dünya Karate Federasiyasının hakimlər komitəsi qarşısında imtahanları yüksək səviyyədə verərək dərəcələrini artırıblar. İlin yekunlarına əsasən Rafael Ağayevlə İlahə Qasımova “İlin idmançısı”, Şahin Xudaverdiyev “ilin məşqçisi”, Vüqar kərimov isə “İlin hakimi” seçilib.

Həmin kateqoriyadan