Milli Karate Federasiyası da ilə yekun vurdu

Azərbaycan Milli Karate Federasiyası 2015-ci ilə yekun vurub. Allsport.az saytı xəbəe verir ki, bu münasibətlə federasiyanın idarə heyətinin üzvləri, o cümlədən Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti Ülvi Quliyev, AMKF-in 1-ci vitse-prezidenti Rəhman Hətəmov, vitse-prezident Yusif Məmmədov, baş katib Mir-Cabbar Seyidov, Gənclər və İdman nazirliyinin sektor müdiri Cəbrayıl Həsənov, baş sponsor Azərbaycan Beynəlxalq Bankının baş direktoru Elmir Həbibullayev, federasiyanın baş hakimi Cahangir Babayev və fiziki hazırlıq üzrə məşqçi Oqtay Məmmədov başda olmaqla məşqçi, hakim və əsas komanda üzvlərinin iştirakı ilə hesabat iclası keçirilib.

Ötən 2015-ci ilin Azərbaycan idmanı üçün ən uğurlu illərdən biri kimi tarixə qovuşduğunu söyləyən Ülvi Quliyev, ildən ilə artan uğurların dövlət başçısı və Milli Olimpiya Komitəsinin rəhbəri, Ali Baş Komandan cənab İlham Əliyevin idmana böyük dəstəyinin nəticəsi olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, ölkə rəhbəri ilin yekunlarına görə Avropa Oyunlarının qalibi Firdovsi Fərzəliyevlə Ayxan Mamayevi mənzillə təmin edib. Həmçinin veteran karateçi Oqtay Məmmədovu “Bədən tərbiyəsi və idman xadimi” yüksək idman mükafatı ilə təltif edib, dünya karatesinin liderlərindən Rafael Ağayev növbəti dəfə ilin ən yaxşı 10 idmançısı arasına daxil olub.

1-ci vitse-prezident Rəhman Hətəmov ilk Avropa Oyunlarında karateçilərimizin qazandığı tarixi zəfərin, böyüklərin Avropa çempionatında, yeniyetmə və gənclərin Avropa və Dünya çempionatlarında, eləcə də nüfuzlu Premyer Liqa turnirlərində əldə edilən 47 qızıl, 53 gümüş və 56 bürünc olmaqla 156 medalın məhz bu uğurlu ildə əldə edildiyini xatırladıb. Baş sponsor ABB-nin rəsmi nüamayəndəsi Elmir Həbibullayev dünyada baş verən iqtisadi çətinliklərə baxmayaraq hər zaman yüksək nəticələr göstərən azərbaycan karateçilərinin 2016-cı ildə də lazımi səviyyədə maliyyələşdiriləcəyini bildirib. Digər çıxış edənlər 2015-ci ildə hakimlərin səviyyəsinin artırılmasında və digər sahələrdə effektli fəaliyyətin qarşıdakı ildə daha da artırılmasna  çalışacaqlarını bildiriblər.

Məzuniyyətdə olan AMKF prezidenti Yaşar Bəşirov başda olmaqla federasiyanın kollektivi adından Azərbaycan karatesinə verilən yüksək qiymətə görə ölkə prezidenti cənab İlham Əliyevə dərin təşəkkürlər ifadə edilib. Yığıncaqda həmçinin karatenin inkişafını daim diqqətdə saxlayan GİN naziri Azad Rəhimova, Milli Olimpiya Komitəsinin 1-ci vitse-prezidenti Çingiz Hüseynzadəyə və baş sponsor ABB-nin idarə heyətinin sədri Elmar Məmmədova minnətdarlıq qeyd olunub. Federasiya rəsmiləri 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və yeni il münasibətilə ölkənin idman ictimaiyyətini təbrik edərək 2016-cı ildə xalqımıza əmin-amanlıq, stabil inkişaf və zəfərlər arzulayıblar.

Sonda ilin yekunlarına görə fərqlənənlərin mükafatlandırılmasında Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti, millət vəkili, milli məclisin Gənclər və İdman komitəsinin sədr müavini Ülvi Quliyevə karate geyim dəsti hədiyyə olunub. Baş sponsor Azərbaycan Beynəlxalq Bankının baş direktoru Elmir Həbibullayevə karate geyim dəsti ilə 2-ci dan fəxri dərəcə sertifikatı təqdim olunub. “İlin ən yaxşıları” nominasiyasında “İlin idmançısı” adına Rafal Ağayev, və İlahə Qasımova, “İlin məşqçisi” Şahin Xudaverdiyev, “İlin hakimi” isə Vüqar Kərimov layiq görülüb. Həmçinin 2015-ci ldə müxtəif rəsmi beynəlxaq yarışlarda uğurla çıxış edən idmançılara, məşqçi və hakimlərə pul mükafatları verilib.

Həmin kateqoriyadan