Milli paralimpiya komitəsi Avropa birliyi ilə əlaqəni genişləndirir

Milli paralimpiya komitəsinin prezidenti İlqar Rəhimov Avropa birliyinin ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas ilə görüşüb. Allsport.az saytının məlumatına görə, ev sahibi komitənin fəaliyyəti barədə səfirə geniş məlumat verib. Qeyd edib ki, 1996-cı ildə yaradılan AMOK-in sıralarında 16 idman növü üzrə minlərlə idmançı birləşib. Bu illərdə komitə böyük bir ictimai hərəkata çevrilib. İdmanla yanaşı, əlillərin cəmiyyətə inteqrasiyası, sosial həyatı və reabilitasiyası ilə bağlı məsələlərə də diqqət ayrılır.

İlqar Rəhimov uşaq paralimpiya lomitəsi barədə də qonağa bilgi verib. Bildirib ki, əlilliyi olan uşaqlar idman vasitəsilə cəmiyyətə inteqrasiya olunur. İndiyədək ölkədə 4 uşaq paralimpiya oyunları keçirilib. Sonuncu oyunlarda Gürcüstandan da paralimpiyaçı uşaqlar dəvət olunublar. Gələcəkdə bu prosesin beynəlxalq tədbirə çevrilməsi istiqamətində işlər görülür.

Kestutis Yankauskas komitənin fəaliyyətini maraqla qarşılayıb və görülən işlərin əhəmiyyətini vurğulayıb. O, Avropa ittifaqı dövlət qurumları və Heydər Əliyev fondu ilə birgə layihələr həyata keçirdiyini deyib. Avropa birliyi ölkəmizdə əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası istiqamətində də layihələr həyata keçirməkdə maraqlıdır. Tvinninq və TAEX proqramları bu cür layihələrin həyata keçirilməsi üçün vasitə ola bilər.

Görüşün sonunda birgə layihələrin həyata keçirilməsi ilə bağlı ilkin razılıq əldə edilib. AMPK-nın ofisində keçirilən görüşdə 1-ci vitse-prezident Natiq Qasımov, vitse-prezident İlham Zəkiyev, baş katib Kamal Məmmədov və komitənin əməkdaşları iştirak ediblər.

Həmin kateqoriyadan