Mingəçevirdə “Məktəbli Kuboku” yarışı

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin general Əlağa Şıxlinskinin 150 illik yubileyinin keçirilməsi haqqında 20 noyabr, 2014-cü il tarixli sərəncamının icrası ilə əlaqədar, Azərbaycan Velosiped İdmanı Federasiyası və “Gənclər üçün Təhsil Mərkəzi” İctimai Birliyinin birgə təşəbbüsü ilə aprelin 11-də Mingəçevir şəhər məktəblilərinin Əlağa Şıxlinskinin xatirəsinə həsr olunmuş “Məktəbli Kuboku” velosiped yarışı təşkil olunacaq. Allsport.az xəbər verir ki, Mingəçevir şəhər stadionu ərazisində keçiriləcək turnir saat 13:00-da başlanacaq.

Yarışda Mingəçevir rayonunun 20 məktəbini təmsil edən komanda mübarizə aparacaq. Reqlamentə görə, kollektivlər hər birinin tərkibində 3 oğlan və 1 qız iştirakçı olmaqla, estafet sistemi üzrə yarışacaqlar. İlk 3 yeri tutacaq komandalar AVİF tərəfindən kubok, medal, diplom və pul mükafatı ilə təltif ediləcək.

Xatırladaq ki, federasiya tərəfindən bunadək Nərimanov, Səbail və Xəzər rayonlarının məktəbləri arasında da “Məktəbli Kuboku” turniri təşkil edilib. Bütün bu yarışlar isə ümumrespublika “Məktəbli Kuboku” turnirinə hazırlıq xarakteri daşıyır.

Həmin kateqoriyadan