Mirəli Kazımov: Səmti müəyyən etmənin olimpiya proqramına daxil olacağına inanıram

Ölkəmizdə bədən tərbiyəsinə göstərilən böyük qayğı əhalinin müxtəlif təbəqələrinin idmana cəlb edilməsini ilbəil artırıb. Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə 1998-ci ildən başlayaraq, iki ildən bir keçirilən yeniyetmələrin respublika oyunları idmanın həm bölgələrdə inkişafı, həm də kütləviliyi baxımından yeni mərhələnin əsasını qoyub. Ölkə başçısının ilk oyunlarda irəli sürdüyü “Qoy güclü qalib gəlsin!” arzu-şüarı çox keçmədən bütün yarışlarımızın əsas məramına çevrilib. Dövlətimizin idman siyasətini daim diqqət mərkəzində saxlayan Səmti Müəyyən Etmə Federasiyası təkcə paytaxtda deyil, xeyli vaxtdır regionlarda da yeniyetmə-gənclərin püxtələşərək, tələb olunan səviyyəyə çatdırılması istiqamətində ciddi iş aparır, ilbəil daxili və beynəlxalq yarışların sayını artırır, turizmin inkişafı üçün yeni yollar arayır. SMEF-in prezidenti Mirəli Kazımov allsport.az saytına müsahibəsində mövcud durumdan danışdı, vəziyyəti dəyərləndirdi, qarşıdakı planlardan söz açdı.

– Ötən ayı sonu İsveçdə oldum. Səfərin məqsədi Beynəlxalq Səmti Müəyyən Etmə Federasiyasının Baş Assambleyasında iştirak idi. Orada seçkilər keçirildi və qurum özünə rəhbər seçdi. Leho Haldna estoniyalıdır.

Yeni IOF prezidenti vəd verdi?
– Bildiyiniz kimi, indi dunyada olimpiya hərəkatı geniş vüsət alıb. Bütün federasiyalar Beynəlxalq Olimpiya Komitəsi ilə sıx işbirliyi qurur, öz idman növünü olimpiya proqramına saldırmaq istəyirlər. Təbii, biz də yaranmış fürsətdən faydalanmaq niyyətindəyik. Yeni prezident söz verdi ki, əlaqələri daha möhkəmləndirəcək.

Bu istiqamətdə əsas hansı hədəf götürülüb?
– Addım-addım irəliləyirik. Artıq 2018-ci ildə Rusiyada keçiriləcək Tələbələrin Universiadasına səmti müəyyən etmə idman növü daxil olunub. Olimpiada yolunda təkmilləşmə işini sürətlə gedir. Hədəf 2 istiqamət üzrədir: həm yay, həm də qış olimpiya oyunları. «Ağ oyunlar»da xizəklə, digərində ayaqla, velosipedlə və qaranlıqda səmti müəyyən etmənin olimpiya proqramına salınmasına çalışırıq.
Velosiped idmanı sağlamlığın daşıyıcısı olduğundan, bu növün bizdə geniş təbliği və yayılması istəqamətində iş gedir, gələcəkdə beynəlxalq yarışlarda iştirak nəzərdə tutulub.
Burada bir məqamı da əlavə etmək istərdim: səmti müəyyən etməyə yaxın olan rogeyn növü var. Burada rəqabət 24 saat, bəzən də 2-3 sutka çəkir. Əsasən qaranlıqda qıçış və dağda marafondan ibarət mübarizə dözümlüyə hesablanıb. Biz bir dəfə belə tədbir keçirmişik, işimizdən qonaqlar razı qalıblar. Onlarla da mehriban əməkdaşlıq edirik.

Mirəli müəllim, hazırkı plan nədən ibarətdir?
– Təhsil Nazirliyinin nəzdində yeniyetmələrlə iş üzrə mərkəz var. İndi bu təşkilatla sıx əlaqə qurmuşuq. Qurumun rəhbəri Firuzə Sultanzadə bizə çox dəstək verir. O, uşaqlar arasında geniş təbliğat aparan şəxsdir. Birgə tədbirlərimiz olub. Bu idman növundə möhkəm təməl qoymaq niyyətindəyik. İstəyirik ki, məktəblərdə, yenyetmələr arasında səmti müəyyən etməyə təsəssür yaransın, bu idman növü ilə məğlul olanları sayı daha artsın; onlar gənclik dövrünə qədəm qoyanda, yarışlara hazır şəkildə qatılsınlar.

May ayında rəhbərlik etdiyiniz federasiya 2 böyük tədbir keçirdi. İlk dəfə rekord sayda iştirakçı qeydə alındı.
– Mayin 11-də Dünya Səmti Müəyyənetmə Günü münasibəti ilə Bakıda yarış keçirilib. Hər kateqoriya fərqli xəritə ilə rəqabət aparıb. Tədbir Şıx çimərliyinin yaxınlığında yerləşən Velopark təşkil olunub. Bəli, düzgün qeyd etdiniz, bu yarış həddən artıq kütləviliyə söykənmişdi. Məqsəd, dünyanındörd bir tərəfində eyni gündə 250000 nəfərdən çox iştirakçının start etməsi, rekordun qırılması, bu idman növünün kütləvi nümayişi və gələcəkdə olimpiya oyunları sırasına qoşulma şansını artırmaq idi. Ayın 29-da isə, ümummilli lider Heydər Əliyevin xatirəsinə kubok yarışı keçirilib. Vergilər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və “İrəli” İctimai Birliyinin təşkilati dəstəyi ilə İçəri şəhər və Dənizkanarı Bulvar xəritələri üzrə təşkil olunan rəqabətdə nazirlik, idarə, təşkilat, güc strukturları, klub və federasiyaların, şirkətlərin, idman cəmiyyətlərinin, ali təhsil müəssisələrinin komanda və nümayəndələri qatılıblar. “Elit” və “Junior” dərəcələri üzrə elektron qeydolunma sisteminin tətbiqi ilə təşkil edilən tədbirdə iştirakçılar müəyyən edilmiş məsafədə mübarizə aparıblar.
Bu günlərdə Şabranda ölkə çempionatı keçirildi. Havanın fasiləsiz yağmurlu olmasına rəğmən, gənclər yüksək dözümlülük göstərdilər; yarışda 350 nəfərin iştirak etməsi buna əyani sübutdur. Həmin mübarizədə Ukraynanın ölkəmizdəki səfiri, yaxın dostumuz Aleksandr Mişenko 2-ci yer tutdu. O, çıxışında bildirdi ki, uzun illər bu idman növü ilə məşğul olmasına baxmayaraq, ilk pilləni yerli idmançıya uduzması, Azərbaycanda səmti müəyyət etmənin necə sürətlə inkişaf etməsindən xəbər verir.
Yarışların yüksək səviyyədə təşkil olunmasında Zaur Seyidov, Xəyam Məmmədov, Süleyman Əliyev və Şəhriyar İsmayılovun böyük əməyi var. Onlara bir daha təşəkkürümü bildirirəm.

Gələn il ölkəmiz növbəti mötəbər tədbirə İslam oyunlarına ev sahibliyi edəcək. SMEFin İslamiada rolu nədən ibarət olacaq?
– Gələn il daha fəal təqvim planımız olacaq. Yeni xəritəyə İsmayıllı, Gəncə və Lənkəran şəhərlərinin adları salınıb. Daha çox turisti Azərbaycana cəlb etmək istiqamətində iş aparırıq. Ötən səfər Finlandiya və İsveçdən iştirakçılar oldu. Qonaqlar turizm şirkəti xətti ilə gəlmişdilər. Biz Odlar yurdunun dilbər guşələrini dünyaya hərtərəfli tanıtmalıyıq. Qoy daha çox əcnəbi bilsin ki, öləmizin necə səfalı yerləri, tarixi abidələri və günü-gündən müasirləşib inkişaf edən paytaxtı var.

Söhbətləşdi: Kamran HACI

img_6664 13124449_1052744914819736_9183619779917727173_n

Həmin kateqoriyadan