Batı YAR
Nə yuxarısı zirəli, nə də aşağısı rəvan çempionat

Bəxtiyar Məmmədov | batyyar@mail.ru

Milli futbol çempionatının hər ötən turu “Qarabağ”ı rəqiblərindən bir qədər də uzaqlaşdırır. Komandalar bir-birinin ardınca, istər qiyabi, istərsə də əyani rəqabətdə çempiondan nə qədər uzaq olduqlarını sübuta yetirirlər. Belə bir vəziyyətdə, yarışın hansısa rəqabət ab-havasından da yazmaq xeyli çətinləşir.

Maraqlıdır ki, artıq çempionluğun statistik rəqabətində də cəmi iki klub qalıb. Elə ikinci yer uğrunda mübarizənin də belə getsə, yeri olmayacaq. Yəqin ki, debütant “Zirə”nin 11 xallıq fərqi qorumağa da cürəti çatacaq və komanda böyük tarixə uğurla başlayacaq. Əlbəttə, son turlar ərəfəsində əsas maraq kəsb edən məsələ bürünc medalçıdır. Yəqin ki, iki ənənəvi iddialının rəqabətində daha bir debütantın – “Kəpəz”in də olması çempionatın nə qədər qeyri-standart mübarizə şəraitində keçməsinin əyani göstəricisi hesab oluna bilər. Başqa zamanlarda bunu yüksələn rəqabət, inkişaf, artan səviyyəyə bağlamaq olardı. Lakin “İnter”in məlum problemləri, “Qəbələ”nin təşkilati natamamlıqları, “Neftçi”nin qürubu, AZAL-ın və “Sumqayıt”ın yeni təfəkkürə qovuşa bilməməsi, “Xəzər Lənkəran”ın isə növbəti boşa verilən ümidsizlik ili belə düşünməyə əsas vermir.

Əlbəttə, ilin sonunda oyun yeniliklərindən bəhs etmək də yersiz olardı. Bu dövrdə, əsasən, Avropa kubokları uğrunda və aşağı dəstəyə yol almaqla bağlı məsələlər daha çox gündəlikdə olur. Ən son variant isə klubların yeni mövsümlə bağlı planlarına həsr olunur. Çox təəssüf ki, bu mənada da hələlik nə bir iddia irəli sürmək olur, nə də bir sistemli-planlı addımdan danışmağın yeri var. Klublar da sanki gözləmə mövqeyindədirlər. Avropa bunlar üçün elə bir-biri ilə raqəbətdən başlanacaq. Hər hansı birinin müstəqil futbol sturukturu təsərrüfatı, planları yoxdur. Ara-sıra gündəliyə gətirilən cılız “o gedir, bu gəlir, bu biri qalır” şayiələri isə, sadəcə, menecerlik təşəbbüslərindən başqa bir şey deyil.
Hələ sentyabrda çox yeniliklərə şahid ola bilərik. Ona görə də futbolun həm daxili rəqabət, həm də avrokubok “cücə”lərini də, el məsəlinə uyğun olaraq, payızda sayacağıq.

Qeyd edilənlər bu qənaətə əsas verir ki, bu gün, ədəbi dillə desək, Azərbaycan çempionatının yuxarısının zirəsi qalmayıb, alt cəbhəsində isə rəvanlıq yoxdur. Onun məşhur Xəzər ləngərinə ehtiyacı var. Diqqət etsəniz, bu gün Avropa kubokunda yer alan klublar üçün “Zirə”nin və “İnter”in müşkülləri bəllidir. Qüvvələr nisbətində də bu məqam çox həlledici rol oynayır. Aşağı diviziona enəcək klub isə yəqin ki, təşkilati seçim məsələsinə çevriləcək. Əslində, həmişəki kimi, oraya eniş, əməli olaraq, ta yüksələnə qədər itirilən illərə çevriləcək. Çünki assosiasiyalı-liqalı, təşkilatlarımız aşağı dəstələrdə yarışların canlandırılması baxımından heç bir nailiyyətə çata bilmirlər. Həm də bu istiqamətdə heç bir planlı iş də müşahidə olunmur. Bu məqsədlə bir ara birinci dəstəyə həvəsləndirici maddi mükafat da təyin edilsə belə, onun effekt verməyəcəyi əvvəldən məlum idi. Çünki nə həmin pula klub qurmaq olar, nə də onu qazanca çevirmək mümkündür.

Futbolun inkişafı üçün əsas sərmayə barədə hələ də AFFA-da bir fikir-niyyət yoxdur. Çünki bu sərmayə heç də hansısa irreal yatırımlardan, süni meydançalardan, hansısa “top”, “ulduz” layihələrindən ibarət deyil, onun məğzində əsl futbol elementləri olan silsilə tədbirlər olmalıdır.

Həmin kateqoriyadan