Nəriman Abdullayev: “Boks komandamız Avropa çempionatına hazırdır”

Kişi boksçulardan ibarət Azərbaycan millisinin böyük məşqçisi Nəriman Abdullayev komandanın Avropa çempionatına hazırlığını dəyərləndirib. Allsport.az saytı xəbər verir ki, o, iyunun 14-26-da Ukraynanın Xarkov şəhərində keçiriləcək yarış üçün təlim-məşq toplanışları plan üzrə uğurla davam etdiyini bildirib: “Hazırlığın ilk mərhələsini uğurla başa vurduq. Bakıda təşkil olunan məşqlərdə komandaya köməkçi boksçular da cəlb edilmişdi. Fiziki hazırlıqlarla yanaşı, sınaq döyüşləri də keçirdik və deyə bilərəm ki, komanda Avropa çempionatına hazırdır”.

İyunun 4-də Ukraynaya yollanan Azərbaycan millisi Xarkovda hazırlığın son mərhələsinə başlayıb. Mütəxəssisin sözünə görə, toplanışın ikinci mərhələsində əsas diqqəti texniki və taktiki məşqlərə yönəldəcəklər: “Məşqlər yüksək səviyyədə keçir. Son 10 gündə hazırlığı Xarkovda davam etdirəcəyik. Burada yerli yığma və Ukraynaya gələcək digər komandalarla birgə toplanış planlaşdırırıq”.

Təcrübəli çalışdırıcı 4-cü İslam oyunları ilə müqayisədə heyətdə edilən dəyişikliklərə də aydınlıq gətirib: “Bəzi boksçularımız İslamiadada zədələndi. Bu səbəbdən də əvəzedicilərinə şans verəcəyik. Məsələn, yarışda qaşları partlayan Tamerlan Abdullayev Avropa çempionatında iştirak edə bilməyəcək. Onun əvəzinə təcrübəli Pərviz Bağırovu sınayacağıq. 81 kq-da da dəyişiklik etmişik. Rauf Rəhimovun əvəzinə Eldar Quliyev özünü göstərməyə çalışacaq. Məsud Yusifzadənin isə çəkisi az olduğu üçün 52 kq-da deyil, 49 kq çəki dərəcəsində işləyəcək. Bu çəkidə dünya çempionumuz Elvin Məmişzadə rinqə çıxacaq. 91 kq çəki dərəcəsində döyüşən Teymur Məmmədovun İslamiadadan da öncə dirsəyində zədəsi vardı. Bu yarışda final döyüşündən sonra yenidən ağrılar hiss olunmağa başladı. Hazırda müalicə olunduğundan Avropa Oyunlarının qalibi Abdulqadir Abdullayevə şans verəcəyik”.

O, Avropa çempionatı ilə bağlı hədəflərini də açıqlayıb. O bildirib ki, məqsədləri uğurlu çıxışla yanaşı, dünya çempionatına maksimum sayda lisenziya qazanmaqdır: “Komandamızın heyətində 3 dünya çempionu var. Elvin Məmişzadə, Cavid Çələbiyev və Məhəmmədrəsul Məcidova ümidlərimiz böyükdür. Amma bu o demək deyil ki, digərlərinə inanmırıq. Biz hər bir boksçumuzdan uğur gözləyirik. Püşkdən də çox şey asılı olacaq. Qitə birinciliyində dünya çempionatına 10 vəsiqə də hədəfləmişik. Bunun üçün ilk “səkkizliy”ə düşmək kifayət edəcək”.

Qeyd edək ki, Avropa çempionatında yığmamızın şərəfini Məsud Yusifzadə (49 kq), Elvin Məmişzadə (52 kq), Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Lorenzo Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Eldar Quliyev (81 kq), Abdulqadir Abdullayev (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) qoruyacaq.

Həmin kateqoriyadan