Nağı Səfərov: Məhəmmədrəsul Məcidov bizə qarşı hakim qərəzi üzərində də qələbə çaldı

Bu gün boksçularımız Vətənə dönüb. Allsport.az saytı xəbər verir ki, Almaniyanın Hamburq şəhərində keçirilən dünya çempionatında 1 qızıl və 1 bürünc medal qazanan millimizi Heydər Əliyev adına beynəlxalq hava limaında idman ictimaiyyətinin nümayəndələri və bokssevərlər alqışlarla qarşılayıblar. ABF-in baş katibi Nağı Səfərov komandamızın çıxışına qiymət verib:

“Başda cənab prezident İlham Əliyev olmaqla, bütün Azərbaycan xalqını, bokssevərləri bu qələbə münasibəti ilə təbrik edirəm. Dünyada cəmi 7 boksçu 3 dəfə dünya çempionu olmağı bacarmışdı. Məcidov da bu siyahıda 8-ci oldu. Mən bir şeyi qeyd etmək istəyirəm ki, Məhəmmədrəsul təkcə dünya çempionu olmadı, o, həm də bizə qarşı olan hakim qərəzi üzərində də qələbə çaldı. İslam Oyunlarından başlayaraq bir neçə dəfə hakimlər tərəfindən təxribatla qarşılaşdıq. Bakıda keçirilən İslamidada biz daha çox qızıl medal gözləyirdik, ancaq siz də gördünüz ki, əlimizdən aldılar. Xarkovda keçirilən Avropa çempionatında bizim lisenziyaların sayı 9, bəlkə də 10 olmalı idi.

Ancaq çox təəssüf ki, 5 oldu. Buna baxmayaraq, komandamız dünya çempionatına 4 idmançı ilə yola düşdü. Təmsilçilərimizdən Lorenzo Sotomayor və Pərviz Bağırovun yolu yenə də hakimlər tərəfindən kəsildi. Ancaq nə qədər çalışsalar da, Məcidov və Kamran Şahsuvarlının qarşısını ala bilmədilər. Bütün dünyanın gözü qarşısında, hamınız da şahid oldunuz, hətta tam qələbə olduğu halda belə hakimlərin bəzilər ədalətsizlik edirdilər. Buna baxmayaraq, Məcidov bu ədalətsizliyi dəf edərək adını tarixə qızıl hərflərlə yazıdırdı”.

Həmin kateqoriyadan