Namiq Əliyev: Bu dünya çempionatında da uğur qazanacağıq

Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək dünya çempionatında iştirak edəcək güləşçilərin siyahısı müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, heyətləri açıqlayandan sonra Azərbaycan Güləş Federasiyasının 1-ci vitse-prezidenti, FİLA İcraiyyə Komitəsinin üzvü Namiq Əliyev çempionatla bağlı fikirlərini media nümayəndələri ilə bölüşüb:

“Heyətdə bir sıra yeni idmançılar var. Bu da bizi sevindirməyə bilməz. Son 6-7 ildə yeniyetmə və gənc güləşçilərin inkişafıyla bağlı xüsusi proqram üzrə gördüyümüz işlər bəhrəsini verməkdədir. Bu da təsadüfi deyil. Azərbaycan Güləş Federasiyası məqsədyönlü şəkildə fəaliyyət göstərir. Ağır çəkili güləşçilərin qeyri-qənaətbəxş nəticələri də bizi narahat edirdi. Artıq bu problemi də yoluna qoyuruq. Fikir versəniz, son yarışlarda ağır çəkili idmançılarımız da yüksək nəticələr qazanırlar.

Toğrul Əsgərov əməliyyatdan sonra bərpa prosesi keçir. Şərif Şərifov çəkisini dəyişdiyinə görə dünya çemponatından sonrakı yarışlarda iştirak etməsinə qərar vermişik. Rövşən Bayramov da təcrübəli idmançılarımızdandır. Amma onun ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş Qızıl Qran Pri turnirində zəif təsir bağışlaması səbəbilə seçimimizi başqa güləşçinin üzərində dayandırdıq. Amma bu idmançılarımızı əvəzləyəcək komandanın digər üzvlərinə də inamımız böyükdür. 

Dünya çempionatında iştirak edəcək bəzi pəhləvanlarımız gənc olsalar da, onlar artq böyük təcrübəyə malikdirlər. İnanıram ki, bu idmançılar özlərini doğruldacaqlar”. 

Həmin kateqoriyadan