Natiq Əliyev universal döyüşçüləri mükafatlandırıb

Ukraynanın Koblevo şəhərində universal döyüş üzrə Avropa çempionatı keçirilib. Allsport.az saytının məlumatına görə, yeniyetmə, gənclər və böyüklər arasında təşkil olunan yarışda ölkəmizi AUDF-nin prezidenti Azər Həsənov, baş katib Aydın Abdullazadə və məşqçilər heyətinin rəhbərliyi ilə 17 idmançı təmsil edib. Yığmamızın üzvləri uğurla çıxış edərək onlara bəslənilən etimadı doğruldublar. Belə ki, bütün yaş qrupları üzrə keçirilən yarışda idmançılarımız ümumilikdə 8 qızıl, 2 gümüş, 2 bürünc medal qazanıblar.

Bu günlərdə Avropa universal döyüş federasiyasının prezidenti, müdafiə nazirliyi tibb baş idarəsinin rəisi, general mayor Natiq Əliyev Vətənə uğurla dönən komandanın üzvləri ilə görüşüb. Tədbirdə federasiya rəsmiləri, məşqçilər heyəti və idmançılar iştirak ediblər. Natiq Əliyev idmançıları təbrik edərək əldə olunan nəticəni yüksək qiymətləndirib.

O qeyd edib ki, Azərbaycan dünya idmanı ailəsinin ən layiqli üzvlərindən biridir: “Sevindirici haldır ki, Azərbaycan idmançılarının əldə etdikləri uğurlarda universal döyüşçülərimizin də payı var. İnanıram ki, bundan sonra da Avropa Universal Döyüş Federasiyası olaraq bu sahənin inkişafına öz töhfəmizi verəcəyik”. Çıxış edən məşqçilər və idmançılar uzun müddətdir bu yarışa hazırlaşdıqlarını, Avropa çempionatında əzmlə mübarizə apardıqlarını, qarşıya qoyulan məqsədə çatdıqlarını qeyd ediblər.

Azər Həsənov qitə çempionatında 25 ölkədən 500-dən artıq idmançının iştirak etdiyini vurğulayıb. O idmançıların Avropa çempionatına müvafiq proqram əsasında mərhələli şəkildə hazırlaşdıqlarını bildirib: “Avropa Çempionatı yüksək səviyyədə təşkil olunmuşdu. Bir sıra yeni Avropa ölkələri də ilk dəfə qitə çempionatına qatılmışdı. Çempionatın baş katibi Avropa və Azərbaycan universal döyüş federasiyalarının baş katibi həmyerlimiz Aydın Abdullazadə idi. Komanda üzvlərinin əsas rəqibləri ev sahibi Ukrayna ilə yanaşı, Latviya, Litva, Polşa, Moldova, Bolqarıstan idmançıları idi. Qitə çempionatı Beynəlxalq Federasiyanın yeni qaydaları əsasında klassik və layt versiyaları üzrə keçirildi. Bildiyiniz kimi burada maneələr silsiləsi yox idi. Bundan sonra maneələr silsiləsi ancaq hərbçilər arasında keçirilən yarışlarda tətbiq olunacaq”.

O, Avropa universal döyüş federasiyasının prezidenti tərəfindən idmançılara göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib və ılavə edib ki, hazırda federasiyanın əsas məqsədi Beynəlxalq Hərbi İdman Şurasına CIZM daxil olmaq və Azərbaycanı orada layiqincə təmsil etməkdir. O bu barədə də məlumat verib: “Qitə çempionatına Mərkəzi Ordu İdman Klubunun rəisi, CIZM-in Azərbaycan nümayəndə heyətinin sədri polkovnik Rəşad Quliyev də dəvət olunmuşdu. Bildiyiniz kimi, CIZM özündə 137 ölkəni birləşdirir. Universal döyüş idman növünün hərbçilər arasında keçirilən Dünya Oyunlarının proqramına salınması üçün Avropa və Beynəlxalq Universal Döyüş Federasiyaları tərəfindən CIZM ilə sıx əməkdaşlıq aparılır. Yarış çərçivəsində müxtəlif ölkələrin CIZM nümayəndələrinə bu idman növünün incəlikləri barədə məlumatlar verildi. İnanırıq ki, yaxın vaxtlarda bu məsələyə baxılacaq”.

Görüşün sonunda qitə çempionatında mükafat qazanmış idmançılar Natiq Əliyev tərəfindən mükafatlandırılıblar.

Həmin kateqoriyadan