“Neftçi İdman Klubu”nun təmsilçiləri paytaxt birinciliyində fərqlənib

Hövsan Olimpiya İdman Kompleksində pankration, qraplinq və MMA idman növləri üzrə açıq Bakı birinciliyi və çempionatı keçirilib. Allsport.az saytı xəbər verir ki, yeniyetmələr, gənclər və ustalar arasında təşkil olunan yarışda 300-dən artıq idmançı qüvvəsini sınayıb.

“Neftçi İdman Klubu”nun təmsilçiləri 7-si qızıl, 5-i gümüş və 14-ü bürünc olmaqla paytaxt yarışının 26 medalına yiyələniblər.

Pankration yarışlarında Elçin Bəşirov (27 kq) və Roman Mənsimzadə (73 kq) yeniyetmələr arasında liderliyə yüksəliblər.

Qraplinq idman növündə İbrahim Nəcəfov (84 kq) gənclər, Seymur Quliyev (92 kq) və Aqil Xəlilli (100 kq) isə böyüklər arasında qalib adını qazanıblar.

MMA yarışlarında 50 kiloqram çəki dərəcəsində mübarizə aparan Rahib Mustafayev yeniyetmələr arasında qızıl medala sahib olub. Elvin Əlizadə (92 kq) isə gənclərin mübarizəsində eyni uğuru təkrarlayıb.

Həmin kateqoriyadan