Kamran HACI
«Neftçi» maraqların təcrübə nişangahına çevrilib

Kamran Hacı | kamran-haji@mail.ru

Məmmədov «Neftçi»də Məmmədovun «Troya atı»dır

«Daldan atılan daş topuğa dəyər » məsəli boşuna deyilməyib. Allah bu sözləri bizlərə miras qoymuş atalara rəhmət etsin – bütün kəlamlar yerbəyirindədir. Misalı boşuna çəkmirəm. «Neftçi» futbol klubunun icraçılarının lap eninə və uzununa biçilib. Yayda futbolçular alıb, komandanı formalaşdırmaq əvəzinə, komanda başbilənləri özlərinə tərif, gurultulu çıxışlar və yağlı vədlər verməklə məşğul oldular. Bir də ayıldılar ki, heyət təcrübəsizlərin ümidinə qalıb; komanda çempionata uğursuz başlayıb, futbolçu almaq lazımdır. Bir sözlə, toydan sonra nağara. Qatar isə artıq getmişdi.

İddialı rəqiblər rəqabətə başlayıb, qələbələrini sıralayanda, «Neftçi» futbolçu axtarır, heyət formalaşdırırdı. Bunun da nəticə göz önündədir: futbolumuzun bayraqdarı adlanan bir klub 8 turdan sonra 9 xalla (+2=3-3) yarış cədvəlinin 6-cı sırasında qərarlaşıb. Bilməyənlər də bilsinlər ki, Premyer liqada cəmi 10 kollektiv mübarizə aparır və indi «ağ-qaralar» tən orta xətdən aşağıda yerləşənlərin lap önündə gəlməsi ilə öyünə bilər.

Mənə bir şey maraqlıdır: son 3-4 ildə oturuşmuş heyəti dağıtmaq nəyə lazım idi? Belə çıxır, komandada maraqlı qüvvə, «sapı özündən olan baltalar» var. Hələ bilinmir indiki vəziyyətdə yerli mütəxəssis Samir Əliyevə nə qədər şans veriləcək. Beləysə, çiy iş nəyə gərəkdi? Rəhbərlik onu yola salsa, yeni gələn baş məşqçi də «bu oyunçular mənim dövrümdə alınmayıb, üslubuma uyğun deyil» və s. bəhanəsini gətirməklə, indikiləri göndərib, öz istədiklərini alacaqsa, necə olacaq? «Neftçi» elə hey təcrübə laboratoriyasına çevriləcək? O saat bilinir ki, komandanın başında qeyri-peşəkarlar, futboldan anlayışı olmayanlar əyləşib. Yeni prezident Çingiz Abdullayev futbol adamı olmasa da, təcrübəli və yaradıcı insandır. Qədim Romanın ilk şəriksiz imperatoru Oktavian Avqust heç vaxt hərbçi olmayıb. Amma o, vətəndaş müharibəsində Yuli Sezarın sağ əli və qohumu, sərkərdə Mark Antonini məğlub etdi. Səbəb, ağıllı, ehtiyaltı və düzgün seçim bacarığı olmasında idi.

Dərd burasındadır ki, Çingiz Abdullayev «Neftçi»nin başına əyri bünövrə qoyulanda keçib. Elə bunun nəticəsidir ki, komanda bu gün böyürü üstə qalıb. Bu arada, flaqmanın 7-ci turda «Zirə»yə 0:2 uduzması azarkeşlərin səbr kasasını daşdırıb. Oyundan sonra bir qrup fanat icraçı direktor Elnur Məmmədovu istefaya səsləyib. O, «azerisport.az»a açıqlamasında etiraf edib ki, bu etiraz qəsdən deyil, emosional addımdır.
Bəs «Qəbələ»yə məğlubiyyətdən sonra nələr olacaq? Deyəsən, olan oldu axı – Samir Əliyev istefa ərizəsi yazacağını bəyan etdi.

«Neftçi» rəsmisinin AFFA-nın baş katibi Elxan Məmmədovun kadrı olmasının bir daha isbatı, futbol ictimaiyyəti və mətbuatda hakim özbaşınalığı sərt tənqid edildiyi bir zamanda, assosiasiyanı idman ictimaiyyətinin ayağına verməməsi olub. «İndi çempionat oyunları daha intensiv keçirilməyə başlayıb. Hakimlər də komandalarla ayaqlaşmaq üçün öz üzərlərində çalışmalıdırlar. Lakin hər şeyə görə hakimləri günahlandırmaq fikrimiz də yoxdur. Meydana çıxıb elə oynamaq lazımdır ki, hakimlik çıxışımıza və nəticələrimizə təsir göstərməsin. Bu mövsüm iki oyunda uduzmuşuq, hər ikisində də azlıqda qalmışıq. Bizim Tofiq Bəhramov kimi hakimimiz olub. Onun kimi mötəbər yarışları idarə edən hakimlərin olmasını çox istəyərdik. Bunun üçün isə onların öz üzərində daha çox işləməsi lazımdır. Amma hər şeydə onları günahlandırmaq da düzgün deyil» deyirdi buna qədər klub rəsmisi.

«Qəbələ»yə məğlubiyyətdən sonra nə deyəcəyi isə daha maraqlıdır? Amma özünüz nəticə çıxarın. Məncə artıq şərhə ehtiyac yoxdur.

Həmin kateqoriyadan