“Neftçi” nüfuzunu itirməkdə davam edir: 3-cü dəfə ardıcıl 6 səfər məğlubiyyəti

Premyer liqanın 6-cı turunda “Qəbələ” ilə qarşılaşan “Neftçi” 1:2 hesabı ilə uduzub. Allsport.az saytı xəbər verir ki, bu, texniki nəticəni də nəzərə alsaq, paytaxt klubunun ardıcıl 6-cı səfər məğlubiyyəti olub. Bakılılar rəqib meydanında sonuncu dəfə fevralın 27-də xal qazanıb. AzAL-a 1:0 hesabı ilə qalib gələndən sonra “Neftçi” ancaq öz meydanında xal əldə edib.

Ötən mövsümün son iki səfərində “Sumqayıt” və “Kəpəz”ə eyni – 0:2 hesabı ilə uduzan “ağ-qaralar” “Zirə” ilə görüşdə texniki məğlubiyyətə üzülüb. Cari mövsüm 3 dəfə səfərə çıxan ölkənin ən titullu klubu “Səbail” və “Sumqayıt”a eyni – 0:1, “Qəbələ”yə 1:2 hesabı ilə yenilib. Rəqib meydanındakı məğlubiyyət sayını 6-ya çatdıran “Neftçi” klub tarixinin Azərbaycan çempionatlarındakı antirekordunu təkrarlayıb.

Paytaxt təmsilçisi bunadək iki dəfə – 2012-ci və 2016-cı illərdə də ardıcıl 6 səfər matçında xala həsrət qalmışdı. İndiki seriyadan fərqli olaraq, həmin uğursuzluq zolaqlarında texniki məğlubiyyət olmayıb. Belə sindromu üçüncü dəfə yaşayan “Neftçi” növbəti səfər matçını 7-ci turda “İnter”ə qarşı keçirəcək.

Həmin kateqoriyadan