“Neftçi” – ötən mövsümə statistik baxış

2017/2018 mövsümü “Neftçi” üçün Avropa liqasına vəsiqə qazanmaq baxımından əlamətdar oldu. Allsport.az saytı xəbər verir ki, bunun üçün komandaya Topaz premyer liqasında 46 xalla 3-cü yeri tutmaq kifayət etdi. Keçirdiyi 28 oyundan 14-də qələbə qazanan “ağ-qaralar” 10 görüşdə məğlub oldu. Cəmi 4 matçda heç-heçə qeydə alındı. Top fərqi də komandanın xeyrinədir – 39:28.

“Neftçi” “Keşlə”, “Səbail” və “Kəpəz”i 3, “Qəbələ”ni 2, “Qarabağ”, “Zirə” və “Sumqayıt”ı 1 dəfə məğlub etməyi bacardı. “Kəpəz”, “Zirə”, “Qarabağ” və “Sumqayıt”ın hərəsi ilə 1 oyunda xallar yarı bölündü.

İqnasio Errera komandamızın heyətində həm ən çox oyun keçirən, həm də ən çox qol vuran futbolçu oldu: 28 oyunda 8 qol. Ruslan Abışov 27 qarşılaşmada forma geyinsə də, meydanda olduğu dəqiqələrin sayına görə hamıdan öndədir – 2404 dəqiqə.

Qapıçılarımız Rəşad Əzizli və Səlahət Ağayev premyer liqada keçirdikləri oyun qədər qapılarından top buraxıblar. Belə ki, Rəşad qapısında 17 oyunda 17, Səlahət isə 11 görüşdə 11 qol görüb.

Cəzalandırılmış futbolçularımıza gəlincə, Kirilo Petrov hamıdan çox – 8 sarı vərəqə alıb. Ukraynalı müdafiəçi qarşısında 1 dəfə “qırmızı” da görüb. Petrovdan başqa Rəşad Sadiqov, Derlis Meza Kolli və Mirabdulla Abbasov da hərəyə 1 dəfə qırmızı vərəqə ilə cəzalandırılıblar.

Bununla belə, sonda bürünc medallara layiq görülən “Neftçi” 4 illik medal həsrətinə son qoydu. Belə ki, komandamız sonuncu dəfə 2012/2013 mövsümünü medallarla başa vurmuşdu. O vaxt “qızıl”a sahib çıxmışdıq.

“Neftçi” bu mövsüm Azərbaycan kuboku uğrunda mübarizəyə 1/8 finaldan başladı. Bir oyundan ibarət olan bu mərhələdə “Zaqatala”nın qapısından 5 cavabsız top keçirən komandamız 1/4 finalda “Zirə” səddini aşdı. Səfərdəki minimal hesablı məğlubiyyətə baxmayaraq, cavab matçında 2:0 hesablı qələbə ilə yarımfinala adladıq. Bu mərhələdə “Qəbələ” ilə səfər oyununda 2:1 hesabı ilə qalib gəlsək də, cavab görüşündəki 1:3 hesablı məğlubiyyətdən sonra iki oyunun nəticəsinə görə mübarizəni dayandırdıq.

“Bakcell Arena”da mövsüm ərzində ən çox azarkeşin izlədiyi oyun “Neftçi” – “Qəbələ” matçıdır. Aprelin 18-də Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab qarşılaşması çərçivəsində keçiirlmiş görüşdə 6000 azarkeş olub.

Həmin kateqoriyadan