“Neftçi”nin keçmiş futbolçusu Qazaxıstan klubunda baxışdadır

“Neftçi”nin sabiq yarımmüdafiəçisi Samir Məsimov Sloveniyanın “Domjale” klubunu tərk edib. Allsport.az saytı xəbər verir ki, o, hazırda Qazaxıstanın “Okjetpes” klubunda baxışdadır. Cari mövsümdə “Domjale”nin nəinki heyətinə, heç ilk “18-liy”inə də düşə bilməyən futbolçunun Sloveniyanı tərk edəcəyi gözlənilən idi. Sloveniya çempionatında qış fasiləsi başlayan kimi o, klubla yollarını ayırıb və yeni iş yeri axtarışına başlayıb.

Hazırda Türkiyədə təlim-məşq toplanışında olan “Okjetpes”in Samiri heyətinə qatmaqda nə dərəcədə maraqlı olduğu hələlik, dəqiq bilinmir. Amma o, artıq yeni komandasının iki yoxlama görüşündə meydana çıxmaq şansı qazanıb. Məsimov Türkiyənin “Kunduspor” klubu üzərindəki 8:1 hesablı qələbədə və Qazaxıstanın digər təmsilçisi “Kaysar”la qolsuz heç-heçədə pay sahibi olub.

Qeyd edək ki, sözügedən klubda Məsimovun “Neftçi”dəki keçmiş komanda yoldaşı – serbiyalı qapıçı Saşa Stamenkoviç də çıxış edir.

Həmin kateqoriyadan