“Neftçi”nin prezidenti: Hakimlər briqadasının səhvləri görüşün nəticəsinə təsir etdi

“Neftçi”nin prezidenti Orxan Hüseynzadə açıqlama verib. Allsport.az saytı xəbər verir ki, o, premyer liqasının noyabrın 19-da keçirilmiş “Neftçi” – “Qəbələ” matçında şübhəli hakim qərarları ilə bağlı klubun rəsmi saytına bunu deyib:

“Hakimlər briqadasının səhvləri dünənki oyunun nəticəsinə təsir etdi. Biz məğlubiyyətə layiq deyildik, ədalətli hakimlik olsa qələbə qazana bilərdik. Bəli, hamı səhv edə bilər. Amma ölkənin ən yaxşı referisinin başçılıq etdiyi hakimlər briqadası bütün oyun ərzində bir komandanı “öldürürsə” bu şübhələr yaradır. Əliyar Ağayev və köməkçiləri 2 metr məsafədən bütün stadionda olan adamların gördüyünü görmədilər?

Hakimləri bilərəkdən komandamıza antipatiya bəsləməkdə ittiham etmək istəmirəm. Amma istənilən halda onların səhvləri nəticəyə təsir etdi. Yaranmış vəziyyətdən ən yaxşı çıxış yolu videotəkrarlardır. Burada söhbət bahalı avadanlıqdan getmir. Hər klub hakimlər briqadasını 4-cü hakimin mövqeyinin yaxınlığında sadə monitorla təmin edə bilər. Bu, hakim səhvi ehtimalını yox edəcək”.

Həmin kateqoriyadan