“Neymar Jr’s Five” futbol turnirinin Gəncə və Şəki seçim mərhələləri keçirilib

Azərbaycanın regionlarında, Neymarın imzası ilə keçirilən “Neymar Jr’s Five” turniri davam edir. Allsport.az saytı xəbər verir ki, Lənkaran şəhərindən başlayan yarışın növbəti həyəcanı Gəncə və Şəki şəhərlərində yaşanıb. Gəncədə seçim mərhələsi Heydər Əliyev meydanında, İcra Hakimiyyət binasının qarşısında keçirilib və mərhələdə 32 komanda iştirak edib. Finala “Liverpool” və “Gəncə Dövlət Universiteti” komandaları çıxıb.

Görüşün əsas vaxtı (10 dəqiqə) 1-1 hesabıyla başa çatdığından qaydalara uyğun olaraq “Qızıl Qol” elan olunub. Bu o deməkdir ki, hər komandadan bir nəfər uduş qoluna kimi təkbətək yarışaraq mübarizəni davam etdirir. “Qızıl qol”u “Gəncə Dövlət Universiteti”nin oyunçusu vurub və bununla da komandasına Bakıda Milli Finalda oynamaq imkan qazandırıb. Təşkilatçılar əzmkar və layiqli mübarizə aparan “Liverpool” komandasıbı da Bakı finalına dəvət edərək gəncəlilərə sürpriz edib.

Şəkidə isə 16 komanda arasında fəal mübarizə nəticəsində “Gənclik” komandası qalib gəlib. Onlar da qələbəni “Qızıl qol” nəticəsində əldə ediblər. Şəki mərhələsinin qalibi “Gənclik” komandasının kapitanı Ramin İsmayılov yarış haqqında təəssüratlarını bildirib: “Turnir yüksək səviyyədə keçdi. Qələbə qazandığımıza görə çox sevinirik. Bakıya finalda iştirak etməyə və qalib gəlməyə gələcəyik. Gücümüzə inanırıq”.

Turnirin digər seçim mərhələləri Quba və Bakı şəhərlərində olacaq. Milli final isə, mayın 6-sı Bakıda keçiriləcək və qalib komanda Neymarın vətəninə – Braziliyaya bilet qazanacaq.

Qeyd edək ki, turnir 18-25 yaşlı altı oyunçudan ibarət komandalar arasında keçirilir. Bu il ilk dəfə olaraq hər komandaya heyətə 25 yaşdan yuxarı iki oyunçu daxil etməyə imkan verilir.

Həmin kateqoriyadan