Nikola Yurçeviç: Təhlükəli əks-hücumlar qurmağa çalışacağıq

Bu gün millimiz “Baksell arena”da Xorvatiya futbolçularını qəbul edəcək. Allsport.az saytı xəbər verir ki, matçla bağlı baş məqçimiz Nikola Yurçeviç bunu dedi:

“Sabah bizi böyük oyun gözləyir. Dünya çempionatının finalçısına qarşı mübarizə aparacağıq. Motivasiyamız yüksək səviyyədədir. İki gün əvvəl Uelslə oyunda məyusedici nəticə qazandıq. Sona 5 dəqiqə qalmış qapımızdan ikinci qolu buraxdıq. Bu seçmə mərhələdə keçirdiyimiz ən yaxşı iki oyundan biridir. Xorvatiya ilə səfər matçında da yaxşı mübarizə aparmışdıq. Oyunçularla söhbətimiz olub, onlar xorvatlarla görüşə yaxşı kökləniblər.

Çətin rəqiblə qarşılaşacağıq. Xorvatiya millisinin heyətində ulduz futbolçular çoxdur. Onları siz də tanıyırsız. Amma bu o demək deyil ki, şansımız yoxdur. Tək müdafiədə yox, hücumda da kompakt oynamağa, təhlükəli əks-hücumlar qurmağa, xallar qazanmağa çalışacağıq. Kiçik zədəsi olan futbolçularımız var. Heyəti onlarla söhbət etdikdən sonra quracağıq. Qapıçı ilə bağlı isə hələ qərar verməmişik. Zədəli futbolçulardan Eddi İsrafilovla bir neçə dəfə söhbətimiz olub. Məşqlərə başladığını, ancaq hələ ki maksimum 15-20 dəqiqə oynayacaq gücdə olduğunu bildirib.

Əlbəttə, hər bir komandanın zəif cəhətləri var. Məsələn, Xorvatiya Slovakiya ilə ilk oyunda yaxşı çıxış etməmişdi, amma ikinci görüşdə fərqli oyun nümayiş etdirdi. Ümumiyyətlə, rəqibimiz Slovakiya ilə son matç istisna olmaqla digər matçlarda heç də yaxşı oyun nümayiş etdirməyib. Ümid edirik ki, onlar sabah da əvvəlki kimi çıxış edəcəklər və bu bizim lehimizə işləyəcək”.

Həmin kateqoriyadan