Nurlan Novruzov “Bakı” rəhbərliyinə xəbərdarlıq etdi

“Bakı”nın hücumçusu Nurlan Novruzov sportinfo.az-a müsahibə verib. Allsport.az saytı xəbər verir ki, həmkarımızla söhbətdə o, komandanın indiki vəziyyətini dəyərləndirib, qarşıdakı planlarından danışıb. Perspektivli hücumçu “zolaqlılar”dan ayrılacığını gizlətməyərək, rəhbərliyə bəzi mesajlar verib:

– Məşqlər necə gedir? Fasilə “Bakı”ya yarayacaq?
– Valllah, bizə fasilə oldu, ya olmadı, fərq etmir. Çünki klubun maddi durumu çox zəifdiк. Ona görə də məşqlər gündə bir dəfə olur. Çempionat başlayandan da belə olub. İndi də belədi. Sadəcə, biz ancaq oyundan oyuna güc yığırıq. Bunu gizlətməyin bir anlamı yoxdur. Hamımıza Allah kömək olsun. Çünki bu dəqiqə arxamızda rəhbərlik də özümüzük. Oyunda qalib gəlsək də, gəlməsək də, bir-birimizə özümüz dəstək oluruq. Həkimlər və masajistlər də bura aiddir. Onlar da bizimlədirlər.
– Geridə qalan turları komandan üçün necə dəyərləndirirsiniz? Çıxışınızı uğurlu saymaq olar?
– Çoxları bilmir komanda nə çəkir. Əgər bizə maddi dəstək olsaydı, daha üst pillələrdə olardıq. Buna da şükür.
– Ən çətin oyun hansı rəqibə qarşı oldu?
– “İnter” və “Xəzər Lənkəran”la oyunları qeyd edərdim. Bu matçlar bizim üçün kabus kimi keçdi. Heç bu oyunları xatırlamaq istəmirəm.
– Bundan sonra komandanın vəziyyəti necə olacaq?
– İstəyərdim ki, vəziyyət düzəlsn. Çünki bu klubda oynamaq mənə və yoldaşlarıma şərəfdir. Ancaq belə davam etsə, komandanın vəziyyəti düzəlməsə, rəhbərliklə halallaşıb, getməli olacağam. Yəqin, bizi də başa düşərlər. Amma istəyirik ki, hər şey düzəlsin.
– Qışda “Bakı”dan ayrılmaq fikrin var?
– Komandada vəziyyət düzəlsə, harasa getməyə ehtiyac yoxdu. Amma belə olarsa, məcbur ayrılmalı olacam. Çünki mənim də hədəflərim var. Böyük klublarda oynamaq istəyirəm. İnşallah, “Bakı” əvvəlki vaxtına qayıdar. Əks halda ayrılmalı olacağam.
– Təkliflər gəlibmi?
– Var. Ancaq mənə birinci komandanın vəziyyətinin düzəlməsi önəmlidir.
– Son sualım milli ilə bağlı olacaq. Son oyunlarda qol vurmağına baxmayaraq, Mahmud Qurbanov səni milliyə dəvət etmədi…
– Yəqin ki, Mahmud Qurbanov hələ məni milliyə hazır görməyib. İnşallah, gələn toplanışlara çağrılaram. Millimizə Norveçlə matçda uğurlar arzulayıram.

 

Həmin kateqoriyadan