Nurməhəmməd Hacıyev: Ölkə başçısını, zala toplaşan insanları məyus edə bilməzdim

«Baş məşqçi Firdovsi Umudov, məşqçilər Arif Abdullayev,Sədrəddin Ayqubov və Zəlimxan Hüseynovun rəhbərliyi ilə İslam oyunları üçün yaxşı hazırlıq keçmişdik. Bu üzdən sonluq uğurlu alındı».

Allsport.az saytı xəbər verir ki, bunu Heydər Əliyev adına sarayda KİV-ə açıqlamasında sərbəst güləşçi Nurməhəmməd Hacıyev (96 kq) dedi. Çempionun sözünə görə, doğma idvarlarda qalib gəlməkdən başqa yol yox idi:

«İslamiada evdə keçirildiyindən, qalib gəlməyə borcluyduq. Dövlət idmana böyük yatırım edir. Ölkə başçısı və nə qədər insan bizə azarkeşlik edirdi. Onları pis vəziyyətdə qoya bilməzdim.

Finalda hesabda geridə idim. Sonra məşqçilər mənə kənardan ürək-dirək verdilər, tamaşaçılar qələbəyə səslədilər. Toparlandım, amma xeyli güc itirdim. Bu üzdən yoruldum. Allaha çox şükür, hər şeyə rəğmən üstünlüyümü sonadək saxlaya bildim».

Bakı-2017-nin qalibi gələcək hədəfdən də danışdı. Bildirdi ki, bir qədər istirahətdən sonra digər məsul sınaqlara hazırlaşacaq: «Bir müddət dincələcəyəm, sonra Parisdə təşkil olunacaq dünya çempionatına hazırlıq mərhələsi başlayacaq. Gərək bütün gücümü həmin yarışa yönəldəm».

Həmin kateqoriyadan