Obyektlərin fiziki məhdudiyyətli insanlara əlçatanlığına dair təlim

Milli paralimpiya komitəsinin, beynəlxalq texniki sertifikatlaşma ekspert mərkəzinin və Rusiyanın ərazilərin ekoloji-sosial və innovativ inkişafı üzrə milli mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycanda inşaat mütəxəssislərinə və hüquq müdafiəçilərinə təlimlər keçirilir. Allsport.az saytı xəbər verir ki, təlimə fövqəladə hallar nazirliyinin tabeliyindəki layihə təşkilatlarının, milli elmlər akademiyasının hüquq və insan haqları institutunun və komitənin mütəxəssisləri və müstəqil ekspertlər qatılıblar.

Təlimdə mövcud və tikilməkdə olan obyektlərdə əlilliyi olan şəxslər üçün müyəssərliyin təmin edilməsi məsələsindən danışılır. Əlilliyi olan şəxslər üçün əngəlsiz ətraf mühitin yaradılması istiqamətində keçirilən təlimin iştirakçılarına müyəssərliklə bağlı mövcud standartlar və dünyada qəbul olunmuş normalar haqqında məlumat verilir.

Bir neçə mərhələdən ibarət təlimlərin birinci hissəsində nəzəri biliklər əldə edən mütəxəssislər sonradan Sankt-Peterburqda təcrübə keçəcəklər. Bundan sonra onlara müyəssərliyin təmin edilməsi ilə bağlı beynəlxalq mütəxəssis sertifikatları təqdim olunacaq. Təlimləri milli mərkəzin rəhbəri Dmitri Petrakov və beynəlxalq texniki sertifikatlaşma ekspert mərkəzinin rəhbəri Natalya Krel keçirlər. İlkin mərhələdəki təlimlər bir həftə davam edəcək.

Həmin kateqoriyadan