“Odlar yurdu”nun prezidenti gümüş və bürünc medal qazanan klub üzvləri ilə görüşüb

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, “Odlar yurdu” klubunun rəhbəri Mahir Məmmədov Antalyada keçirilən Avropa çempionlar kubokunda gümüş və bürünc medallar qazanan komanda üzvləri ilə görüşüb. Allsport.az saytı xəbər verir ki, AŞF rəsmisi son illər “SOCAR Azerbaijan” klubunun bu turnirdə uğurla çıxış etdiyini, iki dəfə Avropa kubokunu qazandığını xatırladıb. Cari ildə “Odlar yurdu” klubunun da yüksək nəticə göstərdiyini deyən federasiyanın vitse-prezidenti şahmatçıların göstərilən etimadı doğrultduqlarını bildirib:

“Azərbaycanın hər iki klubu mötəbər yarışda yüksək nəticə ilə yadda qaldı. Kişi və qadın şahmatçılarımız son tura qədər liderlər qrupunda qərarlaşmaqla yanaşı, güclü idmançılarla uğurla mübarizə apardılar. “Odlar Yurdu” klubu yüksək nəticə ilə şahmat həvəskarlarını sevindirdi. Hər iki komandamız turnirdə çempion olmağa yaxın idi. Şahmatçılarımız Avropa Kubokunda əsl komanda mübarizəsi nümayiş etdirdilər”.

O, Avropa kubokunda gümüş və bürünc medal qazanan şahmatçıları və kapitanları təbrik edib, onlara gələcək yarışlarda uğurlar arzulayıb”. Tədbirdə Türkiyədə qazanılan nəticənin gələn həftə Yunanıstanda start götürəcək komandalar arasında Avropa çempionatında şahmatçılarımıza stimul olacağı vurğulanıb.

Kişi və qadın şahmatçılardan ibarət “Odlar yurdu” klubunun üzvləri yarışla bağlı təəssüratlarını bölüşüb, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Həmin kateqoriyadan