“Olimpiya ümidləri” üçün xatirə seminarı

Dənizkənarı milli parkda uşaq, yeniyetmə və gənclər üçün açıq karate seminarı keçirilib. Allsport.az saytı xəbər verir ki, tankçı milli qəhrəman Albert Aqarunovun 50-illik yubileyinə həsr olunmuş, 6-13 yaşlı uşaqlar arasında “Olimpiya ümidləri” beynəlxalq turnirinin ilk hissəsi kimi yarış iştirakçıları üçün məşğələyə ölkənin müxtəlif bölgələrindən klubların tərkibində minədək idmançı qatılıb. Seminarda federasiya rəsmiləri və milli komandanın məşqçilər heyəti, eləcə də kapitan Rafael Ağayev başda olmaqla, komanda üzvləri çıxış ediblər. 

Tədbirə dəvət olunan dağ yəhudiləri dini icmasının rəhbəri Melix Yevdayev milli qəhrəmanın xatirəsinə həsr olunan belə tədbirlərin təşkilinə görə minnətdarlığını ifadə edib. O, Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan tolerantlıq siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın dünyada tolerantlıq məkanı kimi tanındığını ifadə edib: “Biz Azərbaycan xalqı ilə uzun əsrlərdən bəri bir yerdə yaşamışıq, daim onların şad günlərinə sevinmişik, dar günlərində bir yerdə olmuşuq”. 

Tədbirin təşkilatçılarından olan veteran tankçılar birliyinin sədri Hacı Əzimov yubilyarla bağlı xatirələrini bölüşüb, turnirin və seminarın təşkilinə görə minnətdarlığını bildirib.

Milli karate federasiyasının prezidenti Yaşar Bəşirov olimpiya karatesinin daha populyarlaşması və təbliği istiqmətində tədbir planlarına aid edilən belə seminar və turnirlərin gənc karateçilərin yetişməsində əhəmiyyətini xüsusi vurğulayıb. Federasiya prezidenti sentyabrın 27-29-da keçiriləcək karate turnirinə yüksək səviyyədə hazırlaşdıqlarını söyləyib.

Həmin kateqoriyadan