“Olimpiyaçılarımızın Rio-2016-da 18 medal qazanmasında Avropa oyunlarının böyük dəstəyi olub”

Minsk-2019-un koordinasiya komissiyasının iclasında iştirak etmək və Avropa oyunlarına hazırlıqlayaxından tanış olmaq məqsədi ilə gənclər və idman naziri Azad Rəhimov Belarusa rəsmi səfər edib. Allsport.az saytı xəbər verir ki, bu qurunum üzvü olan Azərbaycan rəsmisi yerli tele-kanallara müsahibə verib.
Həmkarlarımızla söhbətdə, o bu səpkili mötəbər yarışlara hazırlıq çərçivəsində baş tutan koordinasiya komissiyasının iclasının çox böyük əhəmiyyət daşıdığını vurğuladı və bildirdi ki, bu gün buraya dünyanın müxtəlif ölkələrindən olimpiya, Avropa oyunları, dünya çempionatlarında çox böyük təcrübəsi olan mütəxəssislər təşrif buyurub. Sitat:
“Təbii ki, koordinasiya komissiyasının burada əsas məqsədi Minsk-2019 Avropa oyunlarının yüksək səviyyədə keçirilməsində Belarusa yardım göstərilməsidir. Digər bir məqsəd isə, Minskə gələcək turist sayının artırılmasıdır. Yarışlar haqqında məlumatlarla bərabər, eyni zamanda, ölkənin mədəniyyəti, adət ənənələri, musiqisi və tarixi haqqında xəbərlər dolğun və  gözəl şəkildə media vasitəsi ilə ictimaiyyətə ötürülərsə, məqsədə nail olmaq olar. Siz bunu mütləq etməlisiniz. Çünki, Belarus gözəl bir ölkədir və biz bu ölkəni sevən çoxsaylı turistlərin burada olmasını çox arzu edirik.
Mən Azərbaycan idmançılarının Rio-2016-dan Vətənə 18 medalla qayıtmasını birbaşa onların bir çoxunun İdmançılar kəndində yaşamaları, bu mühit ilə yaxından tanış olmaları, Avropa oyunlarında gərgin keçən mübarizə şəraitində qüvvələrini sınamaları ilə bağlayıram”.
2-ci Avropa oyunlarına hazırlıq məqsədi ilə müxtəlif mövzuların müzakirəsinin aparıldığı koordinasiya komissiyasının iclasında koordinasiya komissiyasının üzvü, nazir Azad Rəhimov Azərbaycanın mötəbər idman yarışlarına yüksək səviyyədə ev sahibliyi etməsindən və bununla da,  kifayət qədər bilik və təcrübəyə malik peşəkar gənc nəslin yetişməsindən danışaraq, 2019-cu il üçün Azərbaycanın kadr potensialından da yararlanmağın mümkünlüyünü  təklif olaraq irəli sürdü. 
Qeyd edək ki, 2019-cu ildə Minskdə baş tutacaq 2-ci Avropa oyunlarına 50 ölkədən 4000 idmançı qatılaraq, 15 idman növündə, 12 idman arenasında mübarizə aparacaqlar.

Həmin kateqoriyadan