Ölkə bahadırları ən güclüləri müəyyənləşdirəcəklər

13-15 dekabrda sərbəst və yunan-Roma güləşçiləri arasında növbəti Azərbaycan çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarış “Sərhədçi” Olimpiya İdman Mərkəzində təşkil olunacaq.

Gənclər və İdman Nazirliyi və Azərbaycan Güləş Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışlarda 18 yaşı tamamlamış, 1996-cı il və yuxarı yaşlı idmançılar iştirak edə bilərlər. Şəxsi xarakter daşıyan mübarizədə idman cəmiyyətləri, idman klubları, idman təşkilatları, şəhər və rayon yığma komandalarının tərkibinə daxil olan idmançılar mübarizə aparacaq.

Proqrama əsasən, dekabrın 12-də saat 16:00-da ilk çəki prosesi həyata keçiriləcək. Sərbəst güləş üzrə yarışların keçiriləcəyi ilk gündə 57, 61, 65, 70, 74 kq çəkilərdə pəhləvanlar öz aralarında ən güclüləri müəyyənləşdirəcəklər. Dekabrın 14-də 86, 97 və 125 kq sərbəst, 59, 66, 71kq çəki dərəcələrində yunan-Roma güləşçiləri, son gündə 75, 80, 85, 98 və 130 kq-da “klassiklər” rəqabət aparacaq.

Çəki dərəcələri üzrə ilk 3 yeri tutmuş idmançılar AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif olunacaq, həmin güləşçilər ölkə yığma komandasının heyətinə cəlb ediləcək və tam dəst idman geyimi ilə təmin olunacaqlar.

Həmin kateqoriyadan