FOTO
İlham Əliyev “Baku Sport City” və Su İdmanı Sarayının tikintisi ilə maraqlandı

Ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Azərbaycanın birinci xanımı, “Bakı 2015” Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva ailə üzvləri ilə birlikdə “Baku Sport City”də və Su İdmanı Sarayında inşaat işlərinin gedişi ilə tanış olublar. Allsport.az xəbər verir ki, 2015-ci ildə Azərbaycan daha bir mötəbər idman yarışına ev sahibliyi edəcək.

Birinci Avropa Oyunları ilk dəfə olaraq Bakıda keçiriləcək. Avropa Olimpiya Komitəsinin bununla bağlı qərarı beynəlxalq idman ictimaiyyətinin ölkəmizin Olimpiya hərəkatında oynadığı rola, idmanın inkişafına göstərdiyi yüksək dəstəyə verilən önəmin ifadəsidir. Bakının 2015-ci il Avropa Oyunlarının keçirilməsi üçün böyük potensiala malik olmasını beynəlxalq idman təşkilatları da təsdiqləyib. Müasir idman infrastrukturu olan Azərbaycan, eyni zamanda, beynəlxalq yarışları keçirmək təcrübəsinə də malikdir.

Birinci Avropa Oyunlarına hazırlıqla bağlı işlər yüksək səviyyədə həyata keçirilir. “Baku Sport City” ərazisində su polosu, çimərlik voleybolu və futbolu, basketbol yarışları üçün qurğular inşa edilir. Ərazidə, eyni zamanda, iclas və konfrans zalları, mətbuat üçün çəkiliş sahəsi, eləcə də avtomobil dayanacağı və digər xidmət sahələrinin də yaradılması nəzərdə tutulur.

Qeyd edək ki, dövlətimizin başçısı Azərbaycanda su idmanı növlərinin inkişaf etdirilməsi, yerli və beynəlxalq səviyyəli yarışların təşkili məqsədilə 2012-ci il avqustun 30-da Bakıda müasir standartlara cavab verən Su İdmanı Sarayının tikilməsi haqqında Sərəncam imzalayıb. Altı hektar ərazidə tikinti işləri yüksək sürət və keyfiyyətlə aparılır. Ümumi sahəsi 66 min kvadratmetr olan Su İdmanı Sarayı Beynəlxalq Üzgüçülük Federasiyasının tələblərinə tam cavab verir. Burada 3 üzgüçülük hovuzu olacaq. Uzunluğu 50, eni 25 metr olacaq hovuz yarışlar üçün nəzərdə tutulub. İkinci hovuzda isə məşqlər keçiriləcək.

Dövlətimizin başçısı görülən işlərlə bağlı müvafiq tapşırıqlarını verib.

Həmin kateqoriyadan