Ölkənin ən güclü velosipedçiləri kimlərdir?

Velosiped idmanı üzrə Azərbaycan çempionatı keçirilib. Allsport.az saytı xəbər verir ki, bütün yaş kateqoriyaları üzrə təşkil olunan yarışda elit və U-23 yaş qrupunda mükafatları “Synergy Baku” kontinental komandasıın üzvləri qazanıblar. 24 km məsafəyə fərdi ötüşmədə Elçin Əsədov 1-ci, Musa Mikayılzadə 2-ci, Elgün Əlizadə isə 3-cü yeri tutublar. 140 km məsafəyə qrup ötüşməsi zamanı Kiril Pozdnyakov bütün rəqiblərini qabaqlamaqla 1-ci yeri tutub. Samir Cəbrayılov və Elçin Əsədov isə finişi müvafiq olaraq 2-3-cü keçiblər.
 
Gənc oğlanların 24 km məsafəyə fərdi ötüşməsində Respublika Olimpiya Velosiped Məktəbinin üzvü Qadir Mustafayev hamını qabaqlayıb. Onun komanda yoldaşı Şahin Eyvazov isə gənclərin 90 km məsafəyə qrup ötüşməsində finiş xəttini 1-ci keçib.
 
17 yaşadək oğlanlar arasında 7 saylı Olimpiya Ehtiyatları Velosiped Məktəbinin üzvü Əmral Əbdüləzizli həm 16 km məsafəyə fərdi, həm də 63 km məsafəyə qrup ötüşməsində ən yüksək nəticə göstərib. Oğlanların U15 yaş kateqoriyasında  8 km məsafəyə fərdi ötüşmədə 7 saylı Olimpiya Ehtiyatları Velosiped Məktəbindən Mustafa Muxtarlı fərqlənib.
 
Gənc qızlar arasında Respublika Olimpiya Velosiped Məktəbinin təmsilçisi Ayan Xankişiyeva 16 km məsafəyə fərdi, həmçinin 63 km məsafəyə qrup ötüşməsində Azərbaycan çempionu olub. Bu məktəbin digər nümayəndəsi Elfanə Camalova isə 17 yaşadək qızlar arasında müvafiq olaraq 8 və 37 km fərdi və qrup ötüşməsində bütün rəqiblərini qabaqlayıb. Və nəhayət, 15 yaşlı qızların 8 km-ə fərdi ötüşməsində 7 saylı Olimpiya Ehtiyatları Velosiped Məktəbindən Gülşən İsmayılova qızıl medala layiq görülüb.
 
Azərbaycan çempionatının nəticələri Beynəlxalq Velosipedçilər İttifaqına da göndərilib və idmançıların fərdi reytinq cədvəlində öz əksini tapacaq.

Həmin kateqoriyadan