Paralimpiya yarışında Azərbaycanı 2 cüdoçu təmsil edəcək

Bakı-2015-in cüdo proqramına salınmış paralimpiya yarışlarında Azərbaycanı iki idmançı təmsil edəcək. Allsport.az saytı xəbər verir ki, bu sözü Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov deyib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini bildirib ki, paytaxtda keçiriləcək birinci Avropa Oyunları çox mühüm hadisədir. Bakı-2015-in Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın səyi nəticəsində oyunların cüdo yarışlarının proqramına paralimpiya yarışları da salınıb.

Həmin proqramda iki çəki üzrə qadınlar və kişilər mübarizə aparacaqlar. Qadınlar 57 kiloqrama qədər, kişilər 100 kq-dan yuxarı çəki dərəcələrində mübarizə aparacaqlar. Yarışda Azərbaycanı iki idmançı təmsil edəcək. Bu yarışlar ümumi cüdo oyunları çərçivəsində keçiriləcək. Hər çəkidə 10-dan çox idmançı Avropa ölkələrini təmsil edəcək. Demək olar ki, bu yarışda ən güclü idmançılar mübarizə aparacaqlar. Bizim ölkəmizi isə qadınlar arasında son dünya çempionatının gümüş mükafatçısı Səbinə Abdullayeva təmsil edəcək.

Paralimpiya Komitəsinin prezidenti əlavə edib ki, Afina və Pekin Paralimpiya Oyunlarında iki qızıl medal, London Paralimpiya Oyunlarında isə bürünc medal qazanmış Azərbaycan idmançısı İlham Zəkiyev isə kişilərdən ibarət yarışda 100 kq-dan yuxarı çəkidə çıxış edəcək. Çox gərgin yarış gözlənilir. Bizim isə məqsədimiz yarışda qızıl medal qazanmaqdır.

Həmin kateqoriyadan