Paralimpiyaçı cüdoçularımız vətənə döndülər

Ötən gecə paralimpiyaçı cüdoçularımız Portuqaliyadan vətənə geri dönüblər. Allsport.az xəbər verir ki, Heydər Əliyev beynəlxalq hava limanında idmançılarımızı ARMPK-nin birinci vitse prezidenti Natiq Qasımov, Komitə nümayyəndələri və çoxsaylı azarkeşlər coşquyla qarşılayıblar.

Xatırladaq ki, Portuqaliyanın Odivellas şəhərində keçirilən 2016 Rio-De-Janeyro yay paralimpiya oyunlarına son reytinq xalı qazandıran Avropa çempionatında paralimpiyaçı cüdoçularımız möhtəşəm qələbə qazanıblar. 100+ kq çəki dərəcəsində çıxış edən İlham Zəkiyev altıqat Avropa çempionu olmaqla yanaşı komandamız 3 qızıl, 3 gümüş və 2 bürünc medal olmaqla ümumilikdə 8 medal qazanıblar. İlham Zəkiyev, Ramil Qasımov və Bayram Mustafayev qızıl, Səbinə Abdullayeva, Rövşən Səfərov, Ramin İbrahimov gümüş, Afaq Sultanova və Kənan Abdullaxanlı isə bürünc medala sahib olublar.

Komanda yarışlarında isə millimiz final görüşündə Rusiya komandasına 3:2 hesabıyla qalib gələrək 4-cü dəfə Avropanın ən güclü komandası adına laiq görülüb.

Yarışın nəticələrinə görə para-cüdoçularımız 5 lisenziya qazanaraq ümumi lisenziya sayını 7-yə yüksəldiblər.

Həmin kateqoriyadan