Paytaxt çempionatının qalibləri

Velosipedçilərin Bakı çempionatına yekun vurulub. Allsport.az saytı xəbər verir ki, BŞGİBİ və AzVİF tərəfindən təşkil edilən yarışda klub və cəmiyyətlərin 70-ə yaxın idmançısı iştirak edib. Fərdi ötüşmə yarışları Qala yolunda, qrup ötüşməsi isə Veloparkda baş tutub. 15 yaşadək oğlan və qızlar arasında ROVM-in yetirmələri Hüseyn Nərimanov və Radha Şabanova həm 10 km məsafəyə fərdi, həm də 6 km məsafəyə qrup ötüşməsində bütün rəqiblərini qabaqlamaqla 1-ci yeri tutublar. 

17 yaşadək qızlar arasında 10 km məsafəyə fərdi ötüşmədə 7 saylı Olimpiya Velosiped Məktəbinin üzvü Viktoriya Sidorenko, 16 km məsafəyə qrup ötüşməsində isə ROVM-in təmsilçisi Məleykə İsgəndərova qələbə qazanıb. Bu yaş kateqoriyasında çıxış edən oğlanlar arasında “Neftçi İdman Klubu”nun nümayəndəsi Nofəl Nuriyev 10 km məsafəyə fərdi ötüşmə yarışında çempion olub. 24 km məsafəyə qrup ötüşməsinə gəlincə, bu növdə ROVM-dən Nikita Sıtov bütün rəqiblərini qabaqlayıb. Gənc qızların 20 km məsafəyə fərdi ötüşməsi ROVM-ün üzvü Ayan Xankişiyevanın qələbəsilə yekunlaşıb. Onun komanda yoldaşı Elfanə Camalova isə 24 km-ə qrup ötüşməsində 1-ci yeri tutub. 

Oğlanların gənclər və U-23 yaş kateqoriyasında isə 20 km məsafəyə fərdi ötüşmə yarışı “Neftçi”nin yetirməsi Mahmud Məmmədovun (“Lviv” Cycling Team) hamını qabaqlaması ilə yadda qalıb. 32 km məsafəyə qrup ötüşməsinə gəlincə, burada qələbəni 7 saylı OVM-in üzvü Əmral Əbdüləzizli bayram edib. Fərqlənən idmançılar diplom və qiymətli hədiyyələrlə təltif ediliblər.

Həmin kateqoriyadan