Paytaxtda beynəlxalq yarışda 39 ölkədən 220 badmintonçu

Bakı daha bir irimiqyaslı beynəlxalq yarışa ev sahibliyi etməyə hazırlaşır. Allsport.az saytı xəbər verir ki, iyunun 6-9-da Bakıda badmintonçular bir araya gələcək. “International Challenge” seriyalı turnirdə 39 ölkədən 220-ə yaxın idmançı mübarizə aparacaq. Bu, rekord göstəricidir. Ümumi mükafat fondu 25 min ABŞ dolları olan yarış Bakı idman sarayında təşkil ediləcək.

Beynəlxalq badminton federasiyasının təqvim planına daxil olan, Tokio oyunlarına reytinq xalları qazandıracaq bu sınaqda 5 kateqoriya üzrə qalib və mükafatçılar müəyyənləşəcək. Bu, ölkəmizdə təşkil ediləcək ilk böyük badminton turniri olsa da, ona maraq kifayət qədər böyükdür. Bunu sübut edən faktlardan biri iştirakı təsdiqlənmiş badmintonçular arasında olimpiya mükafatçılarının olmasıdır.

Bakı kortlarında fransalı Brays Leverdez, İngiltərə təmsilçiləri Markus Ellis və Kris Lanqricin imkanları daha yüksək qiymətləndirilir və onların adları favoritlər sırasında çəkilir. Amma bu, Azərbaycan paytaxtına gələcəyi təsdiqlənmiş badminton aləmində tanınmış simaların heç də tam siyahısı deyil.

Bakı yarışı, həmçinin iyunun 21-30-da Minsk-2009 Avropa oyunlarından əvvəl badmintonçular üçün sonuncu ciddi sınaq olması baxımından da əhəmiyyət daşıyır. Azərbaycan bu beynəlxalq turnirdə geniş heyətlə təmsil olunacaq. Turnirdə 20 badmintonçumuz mübarizə aparacaq. Görüşləri Avropadan və Asiyadan olan 16 hakim idarə edəcək. Əsas hakimlər arasında – Fidan və Gülcənnət Hüseynli bacılarının olması sevindirici haldır.

Həmin kateqoriyadan