Batı YAR
Peşəkarlıqdan uzaq yanaşmalar haqqında

Bəxtiyar Məmmədov | batyyar@mail.ru

Azərbaycan milli futbol komandası yeni sükançısı ilə ilin ilk təlim-məşq toplanışını Antalyada keçirir. Türkiyənin bu turizm şəhərində hazırlaşan komanda Ukrayna futbolunun klub liderlərindən Donetsk “Şaxtyor”u ilə yoxlama-sınaq matçı keçirəcək. Heyətdə təzə-köhnə adlar var. Lakin indiki məqam üçün Prosineçkinin seçimində qeyri-adi nəsə axtarmağa dəyməz. Oynamağa milli statuslu komanda tapa bilməyən millimizin klub komandası ilə üz-üzə gəlməsinə hansısa irad bildirmək fikrində deyilik. Sadəcə, məqam çatıb deyə, bir məsələni yenə gündəliyə salmaq lazımdır – rəqib seçimini.

Aydın məsələdir ki, milli komandanların hazırlığında və nəticələrində sparrinqlərin rolu az deyil. Əlbəttə, bununla hansısa əlahiddə səviyyə artımına və ya fövqəlinkişafa təkan veriləcəyini iddia etmək olmaz. Fəqət, hazırlığın düzgün seçilməsi komandanın rəsmi matçlardakı oyununa təsirsiz ötüşmür. Əksinə, onu bir boy artırır da.

Milli komandamızın, sadəcə, nəticə əldə etmək üçün keçirdiyi matçları çox sadalamaq olar. Çoxları xatırlayar, vaxtilə Sovet seçməsinə də “yoldaşlıq oyunları üzrə dünya çempionu” deyərdilər. Amma bu, Pelenin SSRİ ilə bağlı məşhur futbol-hokkey müqayisəsinə heç də mane olmazdı. Azərbaycan yığmasının bundan əvvəlki baş məşqçisi belə matçlardakı nəticələri ilə çox öyünər, hətta məşqçiliyinin ilk dövrlərində məhz bu oyunlardan bəh-bəhlə danışıb inkişafın, 2016-cı il qitə çempionatının final mərhələsində futbolçularımızın necə top qovacağından ətrafına toplaya bildiyi jurnalistlərə bol-bol danışar və onlar da bunu geniş işıqlandıraraq, başqa fikirdə olanları xalq düşməni elan edərdilər. Həmin dövrlərin növbəti belə seriyasına hazırlaşmazdan əvvəl, bəzi səhvlərdən nəticə çıxarmaq yaxşı olardı.

Ötən müddəti rəqib axtarışına sərf etməyən, yenə piarları ilə məşğul olan futbol assosiasiyamızın mütəxəssisləri ilə Prosineçkinin münasibətlərinin nə qədər səmimi, işgüzar olduğu hələ bilinmir. Baş məşqçinin Azərbaycanda yaşayacağını, sanki böyük hadisəymiş kimi, şişirdənlərə yenə iş planını və onun tərkib hissəsi kimi rəqib seçimini xatırladırıq. Məşqçinin komanda ilə iş planına strateji, taktiki və texniki vəzifələr də daxil edilməlidir. Onun il ərzində nə edəcəyi açıqlanmalı və əlbəttə, kard-blanşı hüdudsuz olmadan, hesabatı da tələb olunmalıdır. Bura hər oyundan sonrakı hesabatlar da daxildir.

Prosineçkinin işinə, hələ ki, uzaqdan – Antalyadan aldığımız məlumatlarla qiymət verərək, onun komandaya əsl göstərişlərinin simasını, komandanı nə qədər öyrənib-mənimsədiyini, tanıya bildiyini Bakıdakı ilk məşqlərdə verdiyi konkret tapşırıqlarda görəcəyik. Sparrinq-tərəfdaş seçiminə gəlincə, harada kimi tapsaq, elə orada oynamaqla, səviyyə artımı nağıllarından söz divarı hörməyə, məncə, son qoymaq lazımdır. Axı, 2020-ci ilin qitə çempionatının final mərhələsinin oyunlarının bir qismi Bakıda olacaq və həmin vaxta komanda az-çox həqiqi inkişaf etməlidir. Qeyd etdiyim strateji, taktik və texniki məsələlərdən bu gün yeri düşən biri məhz rəqib seçimidir.

Menecerlik işinin təşkili sıfır həddindən tərpədə bilməyən və ya bunu istəməyən AFFA-nın axır vaxtlar klublara da tövsiyə etdiyi prinsip üzrə əcnəbilərin təşkilati işlərə gətirilməsi tendensiyası hələ bir müddət də aldadılacağımıza işarədir. Bu işi vaxtında bir neçə nəfəri cəlb edib yönəltsəydilər, asta-asta indi azı, milli komandamıza, eləcə də qış-yay hazırlıqlarına yollanan klublarımıza lazım olan rəqibləri tapanları az-çox yetişdirə bilə, bu işi, yüksək səviyyədə olmasa belə, az-çox yerinə yetirə biləcək kadr yetişdirə bilərdi. Əlbəttə, belə kadrların onların özləri üçün sonradan rəqib olacağı aydındır. Çünki bunlar yetişdikcə, AFFA-da peşəkarlaşma başlanacaq. Futbol oynamaq, futbol veteranı olmaq hələ futbolu bilmək; menecerliyi, idarəetməni, iqtisadi təməlləri oxumaq hələ idarəetmə səriştəsinə yiyələnmək anlamına gəlmir və futbol elə bir səviyyəyə gəlib çatıb ki, təşkilatçılıq da inkişafda az rol oynamır.

Mətləbdən uzaqlaşmayaq – milli komandanın sparrinq rəqiblərinin seçilməsində artıq bir düz-əməlli qərar verilməli və bu istiqamətdə iş aparılmalıdır. Axı, milli futbol mövsümünün də təqvimi, əsasən, AFFA-nın diktəsi ilə məhz milli komandanın maraqları nəzərə alınaraq hazırlanır: uzun-uzadı təlimlər üçün pəncərələr açılır, yerli-yersiz toplanışlara şərait yaradılır. İndiki durumda Malta ilə, oyun ərəfəsi nəinki «Şaxtyor»la, istənilən rəqiblə oynamaq olar. Bu sayaq yanaşma ilə, Bakıda toplaşıb elə «Qarabağ» və ya «İnter»lə də oynamaq olar. Belə idisə, klubların Antalya təlim-məşqi dövründə nə üçün milli də, Foqts dövründə olduğu kimi, üçgünlük tanışlıq-oyun toplanışı keçirmədi? Onsuz da klublarımız və onları müşahidə edənlər Türkiyəyə gəzintiyə yollanmışdılar. Çünki bu toplanışda da əsas olan məqsəd deyil, səbəbdir. İndiyə qədər Prosineçki onsuz da futbolçulara kənardan baxıb istənilən nəticəni çıxarmalıydı və inanmaq istəyirəm ki, belə də olub. Axı, şoumen Foqtsdan fərqli, o, işində az-çox ciddi təsir bağışlamağa çalışır. İndi məsələ nəticədən asılı olmayaraq, futbolçuların onun verdiyi taktiki-texniki tapşırıqları yerinə yetirməsidir. Prosineçki həm də bundan istifadə edərək, Maltaya qarşı da oyun planının bir variantını yaxud da ona yaxın bir tərzi sınaqdan çıxarmalıdır. Bu mənada, yəqin özü də dərk edir ki, bu toplanışı həm də onun milli futbol məsələlərimizə nə qədər müdaxilə edib-edə biləmədiyini qiymətləndirməyimiz baxımından vacibdir.

Hələləik gözləyək, görək «Şaxtyor»lu sınağın «daş kömür»ü hansı dərinlikdən çıxır.

Həmin kateqoriyadan