Prosineçki: “17-18 yaşlı bir futbolçunu millidə oynatmaqdan qorxmaram”

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Ropert Prosineçki qol.az saytına müsahibə verib. Allsport.az sizi həmin müsahibə ilə tanış edir.

– Artıq çempionatın ilk yarısı sona çatmaq üzrədir. İzlədiyiniz futbolçular haqda ümumi fikirləriniz necədir?
– Bu günə kimi bir çox oyuna baxmışam. Azərbaycanda çox perspektivli futbolçular var. İnanıram ki, onlar üzərlərində daha çox işlədikdən sonra milli komandaya xeyir verəcəklər.

– Legioner futbolçular haqqında nə düşünürsünüz?
– Milliyə dəvət olunacaq futbolçuların əksəriyyəti Azərbaycanda oynayır. Xaricdə oynayan oyunçularımız barədə də məlumatım var. Onları gedib izləyirlər. Türkiyədə və Almaniyada oynayanlar haqda da məlumatım var. Amma mən əsas vaxtımı yerli çempionatda oynayan futbolçulara sərf edirəm. Çünki çoxluq buradadır.

– Milli komandada yeni oyunçuların sayı çox olacaq?
– Biz millidə elə də böyük dəyişiklik etməyəcəyik. Mənim üçün yaşın önəmi yoxdur. Əsas odur ki, milliyə dəvət olunacaq futbolçular təcrübəli olsun. Bacarıqlı oyunçular çoxdur. Sadəcə, onların üzərində işləmək lazımdır.

– Avropa və dünya təcrübəsində bir komandada gəncləşdirmə siyasəti heç də hər zaman müsbət nəticələnmir. Sizin də bu addımlara can atdığınızı nəzərə alsaq, işinizin yarımçıq qalmasından qorxmursunuz?
– Mən milli komandanı tamamilə gəncləşdirəcəyimə söz verməmişəm. Bu məlumatlar səhvdir. Yaşından aslı olmayaraq, yığma komandaya kömək edə biləcək hər bir futbolçu millidə oynamaq şansı əldə edəcək. Mən dəvət edəcəyim oyunçunun yaşından çəkinmirəm. 17-18 yaşında hansısa bir futbolçunun bacarığını görsəm, onu millidə oynatmaqdan qorxmaram. Əsas budur ki, həmin futbolçu yaxşı formada olsun.

– Son oyunlarda bəyəndiyiniz futbolçular kimlərdir?
– Hələ heç kimin adını çəkmək istəmirəm. Tezliklə siz milliyə dəvət olunacaq futbolçuların kimliyi haqqında məlumat əldə edəcəksiniz. Son olaraq klubların Antalyada təlim-məşq toplanışını izləməyə gedəcəyəm. Bundan sonra hər şey məlum olacaq.

– Milli komandaya daha çox hansı klublardan futbolçu cəlb edəcəksiniz?
– Bir çox klubda milli təcrübəsi olan qabiliyyətli futbolçular var. ”Qarabağ”da, “Xəzər Lənkaran”da və digər komandalarda belə oyunçular çoxdur. Yeni perspektivli gənc futbolçular da onlarla bərabər milli komandaya dəvət olunacaq. Amma hansı klubdan konkret çox futbolçu dəvət edəcəyimi deməyəcəyəm. Yenə də bildirmək istəyirəm ki, mən ancaq gənc futbolçular dəvət edəcəyimlə bağlı söz verməmişəm.

– Sizə ümid bəsləyənlərin sayı çoxdur. Siz bu haqda nə düşünürsünüz?
– Məni kim tanıyırsa, bilir ki, optimist insanam. Hamıdan qabaq mən özüm istəyirəm ki, milli komanda gözəl futbol nümayiş etdirsin. Bizə zaman lazımdır. Qısa vaxtda çox şey etmək olmaz. İlk növbədə istərdim ki, mənim oyunçularım özlərinə inanıb futbol oynasınlar. Bütün bunları edə bilsək, nəticələrimiz də yaxşı olacaq.

– Berti Foqts təcrübəli olsa da, millimizdə uğur qazana bilmədi. Bəs siz uğura inanırsınız?
– Bu haqda heç nə deyə bilmərəm. Köməkçilərimlə birlikdə əlimizdən gələni edəcəyik ki, Azərbaycanın futbol gələcəyi yaxşı olsun. Bu, futboldur, bilmək olmaz, nə olacaq. Amma mən inanıram ki, biz Foqtsdan daha yaxşı olacağıq.

Həmin kateqoriyadan