“Qəbələ” 8-qat ölkə çempionu ilə yarımfinal görüşünə hazırlaşır

“Qəbələ” Azərbaycan kubokunun 1/2 final oyununun hazırlıqlarına start verib. Allsport.az saytı xəbər verir ki, “qırmızı-qaralar” “Neftçi” ilə aprelin 27-də keçiriləcək səfər oyununa Bakıda hazırlaşır. Premyer Liqanın 31-ci turunun “Xəzər Lənkəran”la səfər matçından (1:0) sonra fasiləsiz hazırlıq keçən komanda ötən gün növbəti məşqini gerçəkləşdirib.

“Qırmızı-qaralar” günün ilk yarısında baş tutan məşqdə iki qrupa bölünüb. Son matçın iştirakçıları bərpaedici məşqlə kifayətlənibsə, digər oyunçular topla çalışıb. Bu gün də məşq prosesi iki qrup üzrə aparılacaq. Birincilər fiziki hazırlıq keçəcək, digərləri meydanda tapşırıqları yerinə yetirəcək.

“Qəbələ”nin zədəli futbolçularından Voyislav Stankoviç ötən gündən komanda ilə məşq keçibsə, Rafael Santos bu gün kollektiv çalışmalara qatılacaq. Dodo, Ermin Zets, Sergey Zenyov, Ruslan Abışov və Vadim Abdullayev isə fərdi hazırlıq keçir. Aprelin 27-də baş tutacaq “Neftçi” – “Qəbələ” oyunu “Bakcell Arena”da keçiriləcək.

Həmin kateqoriyadan