“Qəbələ” beynəlxalq turnirdə 4-cü oldu

Hollandiyada 14 yaşadək futbolçulardan ibarət komandalar arasında keçirilən “Teksel Cup” turnirinə yekun vurulub. Allsport.az xəbər verir ki, “Zanbaqlar ölkəsi”nin 5 klubu ilə birlikdə mükafat uğrunda mübarizə aparan “Qəbələ”nin U-14 komandası yarışın ikinci günündə son 2 matçını keçirib. Xaqani Məmmədovun baş məşqçisi olduğu komanda günü 1 xalla başa vurub. “Teksel-94”ə 0:1 hesabı ilə uduzan “qırmızı-qaralar” adlı-sanlı “Feyenoord”la qarşılaşmadan heç-heçəylə ayrılıb.

Bununla da yarışın ilk günündə 4 xal toplayan “Qəbələ” turniri 5 xalla başa vurub. Akademiyanın yetirmələri bu nəticə ilə 4-cü olub. Turnirin qalibi adına isə 11 xal qazanan “Tvente” yiyələnib. “Qroningen” 7 xalla 2-ci, eyni xala malik “Feyenoord” 3-cü olub. Məmmədovun yetirmələri 4 xal toplayan “Tessel-94” və cəmi 3 xalı olan “Alkmaar”ı arxada qoyub.

Qeyd edək ki, “Qəbələ” yarışın ilk günündə 3 oyun keçirmişdi. “Tvente”yə 1:2 hesabı ilə uduzan “qırmızı-qaralar” “Qroningen”lə qolsuz heç-heçə edib, “Alkmaar”a qalib gəlmişdi – 1:0.

Həmin kateqoriyadan