“Qəbələ” Ronaldinyonun Bakı səfəri ilə bağlı açıqlama yayıb

“Qəbələ” klubu Azərbaycanda səfərdə olan məşhur futbolçu Ronaldinyo ilə bağlı rəsmi məlumat yayıb. Allsport.az saytı xəbər verir ki, “qara-qırmızılar” braziliyalının gəlişinə belə  aydınlıq gətirib: “Məşhur futbolçu, milyonların sevimlisi Ronaldinyo Azərbaycandadır. “Qəbələ” komandası növbəti layihəsini məhz Ronaldinyo ilə birlikdə həyata keçirəcək. Milyonlara topu sevdirən braziliyalı ölkəmizdə də bu missiyanın reallaşdırılmasında əvəzsiz rol oynayacaq.

Məlum olduğu kimi, futbolçunun doğulub boya-başa çatdığı Qremio şəhərində, həmçinin BƏƏ-nin Dubay şəhərində Ronaldinho Soccer Academy fəaliyyət göstərir. Bu məktəblərdən növbətisi məhz klubumuzun dəstəyilə Bakıda açılacaq. 6 yaşdan yuxarı futbolçular üçün nəzərdə tutulan məktəbdə həm ödənişsiz, həm də ödənişli əsaslarla məşqlər keçiriləcək. Yüksək səviyyəli meydançalarda veriləcək futbol təlimilə yanaşı, müxtəlif sosial fəaliyyətlər də nəzərdə tutulur.

Ölkəmizin regionları və xarici ölkələrə səfərlər, müxtəlif yarışlarda iştirak idman bünövrəsinin qoyulmasında, yay futbol məktəbləri, seminarlar, “Ronaldinyonun dili – portuqalca” dərsləri futbolçuların fərdi inkişafında rol oynayacaq. Bu birgə fəaliyyətin ölkəmizdə futbolun daha da kütləşviləşdirilməsi və inkişafı yolunda böyük bir təkan olacağına inanırıq.

Bu gün Ronaldinyonun iştirakı ilə Bakı olimpiya stadionunda mətbuat konfransı keçirilib. Tədbirin ardından, qonaq yardımçı meydançada “Qəbələ” Akademiyasının U-15 komandası ilə məşqə çıxıb”.

Həmin kateqoriyadan