“Qəbələ”nin 11-ci startı və 43-cü sınağı

Bu gün Azərbaycan kubokunda 2015/2016 mövsümünün 1/8 final mərhələsinin oyunlarına start veriləcək. Allsport.az xəbər verir ki, yarışa bu mərhələdən başlayacaq “Qəbələ” sabah meydana çıxacaq.

“Qırmızı-qaralar” 1/4 finala vəsiqə uğrunda matçda “Mil-Muğan”la qarşılaşacaq. Qəbələdə baş tutacaq oyun yerli komandanın İmişli təmsilçisi ilə 2-ci duelidir. I divizionda çıxış edən rəqiblə ilk görüş 2 il əvvələ, indiki kimi kubokun 1/8 final mərhələsinə təsadüf edib. 2013-cü il dekabrın 4-də keçirilən matçda nominal meydan sahibi “Mil-Muğan” olsa da, qarşılıqlı razılaşmaya görə oyun Qəbələdə baş tutmuşdu. Abdulvahid Afolabi və Leonardo da Silvanın penalti zərbəsi ilə 2:1 hesablı qələbə qazanan “Qəbələ” tarixinin ilk finalına doğru addımını atmışdı. Ümumiyyətlə isə İmişli təmsilçisi “Qəbələ”nin kubokdakı 14 rəqibindən biridir. Bu yarışda “qırmızı-qaralar” daha çox “Bakı” və “Qarabağ”la qarşılaşıb – hərəsi ilə 6 dəfə.

Azərbaycan kubokunda 2005/2006 mövsümündə debüt edən “Qəbələ” 11-ci dəfə bu yarışa qatılacaq. Əvvəlki 10 cəhddən birində finaladək irəliləyən (2013/2014) komanda 2 dəfə yarımfinal (2007/2008, 2008/2009), 4 dəfə 1/4 finalda (2010/2011, 2011/2012, 2012/2013, 2014/2015) mübarizəni dayandırıb. 2005/2006, 2006/2007 və 2009/2010 mövsümlərində isə 1/8 finalı adlamaq mümkün olmayıb.

“Qəbələ” ölkə kubokunda indiyədək 42 oyun keçirib. 19 qələbəsi olan komanda yubiley – 20-ci uğurunun astanasındadır. 14 heç-heçə və 9 məğlubiyyəti də olan “qırmızı-qaralar” 58 qol vurub, 35-ni buraxıb. Bu qarşılaşmalarda “Qəbələ”nin heyətində 143 futbolçu meydana çıxıb. Komandanın rekordçusu Samir Zərgərovun hesabında 15 oyun var. Dodo, Viktor Mendi, Azər Həşimov hərəyə 13, Tornike Aptsiauri 12 kubok matçında forma geyinib. Əli İsmayılov 11, Rəhman Əzizovla Elnar Kərimovun hərəyə 8 belə oyunu var.

Kubok yarışındakı 58 qola 33 futbolçu və avtoqol müəllifi olan 1 rəqib oyunçu imza atıb. “Qəbələ”nin heyətində ən çox qol sevinci yaşayan Kənan Kərimovdur – 7 qol. Vüsal Qarayev 5, Viktor Mendi ilə İbrahim Hüseynov hərəyə 4 dəfə fərqləniblər. Hazırda komandanın şərəfini qoruyan Samir Zərgərovun hesabında 3 top var.

“Mil-Muğan”la oyun baş məşqçi Roman Qriqorçukun ölkə kubokunda 3-cü matçı olacaq. Ötən mövsümün 1/4 final mərhələsinin “Simurq”la qarşılaşmalarında da “qırmızı-qaralar”ın “sükanı arxasında” olan ukraynalı mütəxəssis “Qəbələ”nin bu yarışdakı 7 məşqçisindən birindir. Ona qədər Ramiz Məmmədov 21, Yuri Syominlə Faiq Cabbarov 6, Toni Adamsla Fatih Kavlak 3, Dorinel Muntyanu 1 görüşdə komandaya rəhbərlik edib.

Xatırladaq ki, 1/8 final mərhələsinin “Qəbələ” – “Mil-Muğan” oyunu dekabrın 3-də keçiriləcək. Qəbələ şəhər stadionunda baş tutacaq qarşılaşma saat 17:00-da start götürəcək.

Həmin kateqoriyadan