“Qəbələ”nin 2 futbolçusu üçün əlamətdar oyun

Premyer liqanın 2-ci turu “Qəbələ”nin 2 futbolçusu üçün yubileylə əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, İlqar Qurbanov Azərbaycan çempionatlarında 200-cü matça çıxıbsa, “Neftçi” ilə görüşdə (1:2) rəqibin qapısına vurulan qolun müəllifi Rauf Əliyev 50-ci dəfə fərqlənib.

Ölkə çempionatlarında 2004/05 mövsümündə debüt edən İlqar “Dalğa Arena”dakı matça qədər 199 görüşdə meydana çıxmışdı. O, arxada qalan 14 ildə 14 qolun sevincini yaşayıb. Ötən yay “Qəbələ”yə keçən müdafiəçi komandada 13 matçda iştirak edib. Bunadək isə Qurbanov “Xəzər Lənkəran” (56 oyunda 6 qol), “Olimpik-Şüvəlan” (23 oyunda 2 qol) və “Qarabağ”da (108 oyunda 6 qol) forma geyinib.

“Qəbələ”də cari mövsümdə debüt edən Rauf “qırmızı-qara” formada qol hesabını da açıb. O, klubun tarixinə qol sevinci yaşayan 122-ci, bunu premyer liqada gerçəkləşdirən 94-cü futbolçu kimi düşüb. Çempionatlarda debütü 2006/07 mövsümünə təsadüf edən hücumçu ilk qolunu da həmin vaxt vurub.

Hücumçu 50 qoldan 23-nü (131 oyunda) “Qarabağ”da, 11-ni “Bakı”da (38 oyunda), 3-nü “Xəzər Lənkəran”da (11 oyunda), 12-ni “İnter”də (36 oyunda), 1-ni “Qəbələ”də (2 oyunda) vurub. Rauf yalnız 11 matça çıxdığı “Neftçi”də fərqlənə bilməyib. Ümumilikdə isə hücumçu 50-ci qolunu 229-cu matçında vurub.

Həmin kateqoriyadan