“Qəbələ”nin futbolçuları AÇ-2016 tarixinə necə düşdülər?

Azərbaycan milli komandası üçün daha bir seçmə mərhələ arxada qaldı. Allsport.az xəbər verir ki, 1994-cü ildən başlayaraq dünya və qitəmiqyaslı turnirlərin final mərhələsinə düşmək uğrunda mübarizə aparan yığmamız AÇ-2016-nın qrup mərhələsini 5-ci pillədə başa vurdu.

Millimiz keçirdiyi 10 rəsmi oyunda “Qəbələ” futbolçularının da xidmətindən istifadə etdi. Bəs “Qəbələ”nin millidəki təmsilçiləri budəfəki seçmə mərhələdə necə yadda qaldılar?

6-sı oynadı, 3-ü seyr etdi

13 ay davam edən (2014-cü ilin sentyabrından 2015-ci ilin oktyabrınadək) seçmə mərhələdə “Qəbələ”nin 6 futbolçusu oynadı. Daha 3 futbolçu (Ürfan Abbasov, Elvin Camalov və sabiq müdafiəçi Ruslan Əmircanov) yığmaya dəvət alsa da, meydançaya çıxmadılar. Seçmə mərhələnin ilk matçında (Bolqarıstanla oyunda – red.) ehtiyatda qalan Ruslan İtaliya və Xorvatiya yığmalarıyla səfər oyunlarına çağrılsa da, əvvəlcə zədə üzündən, daha sonra əməliyyat olunduğundan milliyə kömək edə bilmədi. Millinin baş məşqçisi Robert Prosineçki Camalova hər dəfə dəvət göndərsə də, onun U-21-in rəsmi matçlarında oynamasını daha məqsədəuyğun saydı. Ürfan isə Xorvatiya və Malta ilə oyunlara dəvət edilsə də, sonradan hazırlıqdan kənarlaşdırıldı.

Arif Daşdəmirov liderdir

AÇ-2016-da oyun sayında “Qəbələ”li futbolçular arasında lider Arif Daşdəmirovdur. 28 yaşlı müdafiəçi “Qəbələ”yə keçdikdən sonra, seçmə mərhələnin ikinci yarısında 5 oyunda (4-də əsas heyətdə), ümumilikdə, 387 dəqiqə meydanda olub və 1 sarı vərəqə alıb. Oyun sayına görə onun ən yaxın izləyiciləri Cavid Hüseynovla Məhəmməd Mirzəbəyovdur. Hər ikisinin hesabında 4 matç olsa da, Məhəmməd (271 dəqiqə) Caviddən (260 dəqiqə) 11 dəqiqə çox oynayıb. Hüseynovu komanda yoldaşlarından fərqləndirən cəhət onun qol müəllifi olmasıdır. Yeri gəlmişkən, o, Prosineçkinin rəsmi debüt matçında, Malta yığmasıyla Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda fərqlənib. Matçın 4-cü dəqiqəsində rəqib qapısına yol tapan 28 yaşlı yarımmüdafiəçi həm də son seçmə mərhələdə ən erkən qol vuran futbolçudur.

“Qəbələ”nin yığmadakı qalan 3 təmsilçisinin isə hər biri 3 oyunda iştirak edib. Bunlar Ruslan Abışov, Rəşad Sadiqov və sabiq qapıçımız Kamran Ağayevdir. Kamran “Qəbələ”dən gedənədək (ötən ilin fevral ayında) 3 rəsmi matçı əvəzolunmadan (270 dəqiqə, 10 qol buraxıb) keçirib. Norveç yığmasıyla “Bakcell Arena”dakı oyunda isə ehtiyatda qalıb.

Bu dəfə 346 dəqiqə çox oynadılar

Ruslan Abışov seçmə mərhələni “Qəbələ”də başlasa da, bu ilin iyun ayından sentyabrın ortasınadək “Xəzər Lənkəran”nın düşərgəsində olduğundan, millinin 3 rəsmi oyununa cənub klubunun təmsilçisi kimi çıxıb. Abışov “Qəbələ”yə qayıtdığından, seçmə mərhələni bizim (229 dəqiqə, 1 sarı vərəqə) futbolçu kimi bitirib.

Bu ilin yanvarından “Qəbələ”də çıxış edən Rəşad Sadiqovun milliyə qayıdışı isə Prosineçkinin vaxtında gerçəkləşib. 32 yaşlı yarımmüdafiəçi vaxt baxımından ən az oynayan “Qəbələ”li futbolçudur – 71 dəqiqə. Bu da Sadiqovun, bir qayda olaraq, ikinci hissədə meydançaya çıxmasıyla bağlıdır.

Maraqlıdır ki, “Qəbələ” bundan əvvəlki seçmə mərhələdə – DÇ-2014-də də millidə 6 futbolçuyla təmsil olunmuşdu. Onda futbolçular, ümumilikdə 1142 dəqiqə meydanda olmuşdularsa, bu dəfə 346 dəqiqə çox – 1488 dəqiqə oynayıblar. Üstəlik, komandamız millidə qol sarıdan fərqlənib.

Əvvəlki seçmə mərhələdən zəif nəticə

Milli 2008-ci ildən başlayaraq 3 seçmə mərhələni (DÇ-2010, AÇ-2012, DÇ-2014) bir mütəxəssisin – Berti Foqtsun başçılığı ilə keçirdi. Ancaq 69 yaşlı almaniyalı mütəxəssis millinin Xorvatiya yığmasına səfərdə 0:6 hesabı ilə məğlub olmasından sonra istefaya göndərildi. Bu səbəbdən milli 1 oyunda meydançaya baş məşqçi əvəzi Mahmud Qurbanovun, qalan 6 matçda yeni çalış-dırıcı Robert Prosineçkinin rəhbərliyi ilə çıxıb.

Əvvəlki seçmə mərhələlərlə müqayisədə milli zəif nəticə göstərib. Ən yaxşı nəticə isə bundan əvvəlki tsikldə qeydə alınmışdı – 9 xal, (1 qələbə, 6 heç-heçə, 3 məğlubiyyət, topların fərqi 7-11) və qrupda 4-cü yer. Bu dəfə isə 6 xal (1 qələbə, 3 heç-heçə, 6 məğlubiyyət, topların fərqi 7-18) və 5-ci pillə. Millimizin seçmə mərhələdə bombardiri 3 qolla “Karlsrue”nin yarımmüdafiəçisi Dmitri Nazarov olub.

Artıq məlumdur ki, Fransada keçiriləcək final mərhələsinin 24 iştirakçısından 20-si bəllidir. Qalan 4 vəsiqənin sahibi isə noyabrın 12-dən 17-dək keçiriləcək pley-off matçlarında müəyyənləşəcək. Qaliblərin adına Norveç – Macarıstan, Bosniya və Herseqovina – İrlandiya, Ukrayna – Sloveniya və İsveç – Danimarka oyunlarında aydınlıq gələcək. İlk oyunlar adı birinci göstərilən ölkələrdə keçiriləcək. Milli komandasına mütəmadi çağırılan “Qəbələ”nin bosniyalı hücumçusu Ermin Zets final mərhələsinə düşmək şansını saxlayır.

Həmin kateqoriyadan