“Qəbələ”nin prezidenti klubun idman bölmələrini ziyarət etdi

“Qəbələ”nin prezidenti Tale Heydərov klubun nəzdində fəaliyyət göstərən döyüş növləri üzrə bölmələrdə olub. Allsport.az xəbər verir ki, o, “Qəbələ” – AzAL matçının ardından Qəbələ şəhərindəki bölmələrə baş çəkib, idmançıların hazırlıq prosesini izləyib.

Tale Heydərov və klubun vitse-prezidenti Fariz Nəcəfov boks, sərbəst güləş və cüdo bölmələrinin məşq etdiyi Qəbələ Olimpiya Kompleksi, həmçinin taekvondoçuların hazırlıq keçdiyi “Qafqaz Sport Otel”dəki şəraitlə tanış olublar.

Klubun döyüş növləri üzrə koordinatoru Səbuhi Qarayev klub rəhbərliyinə 200-dən artıq idmançının hazırlıq keçdiyi bölmələrin fəaliyyəti, 2014-cü ildə əldə olunan nailiyyətlərlə bağlı ətraflı məlumat verib. Tale Heydərov bölmələrə fəaliyyətlərində uğurlar, idmançılara gələcək nailiyyətlər arzulayıb.

Klubun prezidenti və vitse-prezident bölmələrə səfərin sonunda xatirə şəkli çəkdiriblər.

Həmin kateqoriyadan