Qalib ağırlıqqaldıranlarımız Vətənə dönüb

Litvanın Klaypeda şəhərində keçirilən yeniyetmələr və 23 yaşadək ağırlıqqaldıranların Avropa birinciliyində uğurla çıxış edən millimiz Vətənə qayıdıblar. Allsport.az saytı xəbər verir ki, komandanı Heydər Əliyev Beynəlxalq Aeroportunda “Zirvə” beynəlxalq idman klubunun nümayəndələri, idmansevərlər və digər şəxslər qarşılayıblar.

Qələbə münasibətilə Azərbaycan xalqını təbrik edən milli komandanın məşqçisi Hafiz Süleymanov, atletlərimizin bu çıxışını yüksək qiymətləndirib, yaradılan şəraitə görə “Zirvə” beynəlxalq idman klubuna və federasiyaya minnətdarlığını bildirib.

Avropa rekordunu yenilədiyi üçün xoşbəxt olduğunu diqqətə çatdıran birinciliyin qızıl medalçısı Firudin Quliyev məşqçilərinə təşəkkür edib və uğurların davamlı olacağını söyləyib.

Qitə çempionatında Firudin Quliyev, Anastasiya İbrahimli və Dadaş Dadaşbəyli qızıl, Allahyar Abuşov isə bürünc medal qazanıb. Azərbaycan yığma komandası bu nəticə ilə Avropa çempionatında 3-cü yeri tutub.

Həmin kateqoriyadan